Yuxarı
    Bağlamaq

    Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə start verilib

    Azərbaycan qalib gələn memarlara 52 min manat mükafat verəcək

    Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanda II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə start verilib. Beynəlxalq Memarlar İttifaqının Katibliyinin xahişi ilə müsabiqənin Beynəlxalq Münsiflər Heyətinin işi oktyabrın 1-3-dən oktyabrın 7-9-dək keçiriləcək.

    "Report" xəbər verir ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Memarlar İttifaqının təşkilatıçılığı və Beynəlxalq Memarlar İttifaqının yardımı ilə keçirilir. Bu, açıq müsabiqədir, iki ildən bir, 1 mərhələdə aparılır. Müsabiqədə iştirak pulsuzdur.

    Müsabiqənin məqsədi şəhərsalma və memarlıq həllərinin inkişafı və həyata keçirilməsi, binaların və tikililərin daha mənalı layihələndirilməsi, kompozisiya, həcm-məkan həllərinin axtarışı üçün yeni ideyaların aşkara çıxarılması, maksimal müxtəlifliyə nail olmaq üçün konstruktiv ideyaların həyata keçirilməsindən ibarətdir.

    Müsabiqə "İctimai memarlıq sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Yaşayış memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Həyata keçirilmiş ən yaxşı interyer", "Həyata keçirilməmiş ən yaxşı layihə", "Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Memarlıq sahəsində ən yaxşı nəşr" nominasiyaları üzrə keçirilir.

    Müsabiqədə diplomlu memarlar iştirak edə bilərlər. Hər bir iştirakçı hər nominasiya üzrə yalnız bir layihə təqdim edə bilər.

    Mükafat fondu təşkilatçılar tərəfindən 52,5 min manat məbləğındə müəyyən edilib. Hər nominasiyada birinci mükafat 4 min, ikinci mükafat 2,5 min, üçüncü mükafat isə 1 min manat təşkil edir.

    Müsabiqə layihələrinin qiymətləndirilməsi üçün Beynəlxalq Münsiflər heyətinin tərkibinə Tomas Vonyer (Thomas Vonier, BMİ-nin baş katibi, ABŞ), Mişel Barmaki (Michel Barmaki, BMİ-nin sabiq baş katibi, Livan), Vasilis Sqoutas (Vassilis Sgoutas, BMİ-nin sabiq prezidenti, Yunanıstan), Heydər Əli (Hayder Ali, BMİ-nin vitse-prezidenti, Sudan), Katrin Jakuot (Catherine Jacquot,  Fransa Milli Memarlar İttifaqının prezidenti), Elbəy Qasımzadə (Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri) daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi