Yuxarı

​“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Antverpen Portu ilə əməkdaşlıq edəcək

Belçikadan nümayəndə heyəti bu məqsədlə Bakıya səfər edib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Oktyabrın 13-16-da Belçikanın Antverpen Portunun beynəlxalq münasibətlər üzrə direktoru Niko Berx, keyfiyyət və təhlükəsizlik üzrə mütəxəssisi Kristof Van Maledən ibarət nümayəndə heyəti Azərbaycana səfər edib.

Cəmiyyətdən "Report"a verilən məlumata görə, səfər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Antverpen Portu arasında iyul ayında imzalanmış anlaşma memorandumunun davamı olaraq qarşılıqlı əlaqələrin yaranması və inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addımdır.

Səfərin ilk günündə nümayəndə heyəti Bakı Limanının rəhbərliyi və əməkdaşları ilə görüşüb.

Limanın strategiya və inkişaf üzrə baş müşaviri Şahin Yusifov qonaqlara Limanın daxilində yaradılacaq Təlim və Tədris Mərkəzi haqqında məlumat verib. Qeyd edilib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəzdində ölkədə və regionda Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühiti İdarəetmə (HSE) sisteminin qurulmasına olan ehtiyacın ödənilməsi məqsədilə yaradılacaq Təlim və Tədris Mərkəzinin üç məqsədi var: HSE sisteminin yaradılması, təlim gücünün formalaşdırılması, o cümlədən avadanlığın saxlanılması və onun idarə edilməsi sisteminin qurulması. Qeyd olunan bu məqsədlər təkcə Azərbaycanda deyil, həm də İran, Qazaxıstan, Türkiyə və regionun digər ölkələrində adı çəkilən sahələrə olan ehtiyacı ödəməyi hədəf alır.

Ümumiyyətlə, Təlim və Tədris Mərkəzində həm yeni, həm də iş təcrübəsi olan mütəxəssislər üçün Avropa standartlarına uyğun müvafiq təlim və tədris prosesi keçiriləcək. Təlim və Tədris Mərkəzini bitirən şəxslərə Baki Limanının və Avropa sertifikatları təqdim olunacaq. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənən bu layihəyə əsasən təlimi başa vuran şəxslərin ümumi reyestri yaradılacaq və bu reyestr vasitəsilə sertifikat qazanmış şəxslərin təkcə Azərbaycanda deyil, digər ölkələrdə də iş bazarına çıxış əldə edəcəklər.

“Bakı Limanı Çin ilə Avropa arasında ticarət yolu olan yeni “İpək Yolu” üzərində yerləşən mühüm körpü rolunu oynayır. Bu baxımdan təqdim olunan sahələr üzrə çoxillik təcrübə və biliklərimizi sizinlə bölüşmək, əməkdaşlığımızı gücləndirmək və beləliklə də iki dövlət arasında münasibətlərin inkişafına töhfə vermək istəyirik”, - Nico Berx bildirib.

Səfər çərçivəsidə nümayəndə heyəti Ələtə səfər edib və tikilməkdə olan yeni komplekslə yaxından tanış olublar. Daha sonra qonaqlar Bakı şəhərinin görməli yerlərini gəzib, Azərbaycanda limanın tarixi ilə əlaqəli maraqlı faktlar öyrəniblər.

Xatırladaq ki, 2010-cu il noyabrın 3-də dövlət başçısı Prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni limanın tikintisi üçün 400 hektar ərazi ayrılıb. 2014-cü il sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı baş tutub.

Xəzər dənizində ən böyük liman olan Bakı Portu layihəsinin birinci mərhələsində yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacaq. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi