Yuxarı

"Azəryolservis" qış mövsümünə hazırlaşır

İlkin mərhələdə 25 min kubmetr qum, 1,2 min ton texniki duz ehtiyatı yaradılıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin tabeliyində olan idarə və müəssisələrin 2014-2015-ci il payız-qış mövsümünə hazırlığı məqsədilə artıq əmr hazırlanıb. Bu barədə "Report"a qurumun baş ofisindən məlumat verilib.

Əmrə əsasən, payız-qış mövsümündə avtomobil yolları və yol qurğularının normal istismarı, hərəkətin fasiləsizliyi və təhlükəsizliyini təmin etmək məqsədilə Cəmiyyətin mərkəzi aparatında qərargah yaradılıb. Bundan əlavə,  Yol İstismar idarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planı hazırlayaraq icrasına başlayıb. Bura avtomobil yolları, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirmək, yol texnikası, maşın-mexanizmlər, nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqları, yollarda suötürücü borular, küveytlərin təmizlənməsi, işçilərin xüsusi geyimlərlə təmin olunması, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatının yaradılması daxildir.

Eyni zamanda, magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində yerləşən avtomobil yolları, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün şirkətin mərkəzi aparatında sutkalıq növbətçilik təşkil olunub. Avtomobil yolları və yol qurğularının istismar vəziyyəti barədə məlumatlar operativ qaydada növbətçilər tərəfindən müntəzəm şəkildə qeydə alınacaq.

Məlumata görə, ilkin mərhələdə 24,9 min kubmetr qum, 1 160 ton texniki duz ehtiyatı yaradılıb, 500 ton texniki duzun əlavə alınması üçün müqavilə bağlanıb. Bundan əlavə, 1 047 ədəd maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi