"Azəryolservis" avtomobil yollarına baxış keçirib

"Azəryolservis" avtomobil yollarına baxış keçirib Cəmiyyət balansında olan yolları hava şəraitinə uyğun hazırlığa gətirib
İnfrastruktur
25 Yanvar , 2016 11:14
Azəryolservis avtomobil yollarına baxış keçirib

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakı və regionlarda müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar “Azəryolservis” ASC-nin Yol İstismar İdarələri xidmət etdiyi avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirib. Yol texnikası və maşın-mexanizmlərin saz vəziyyətə gətirilməsi prosesi icra edilib. Eyni zamanda, zəruri miqdarda texniki duz, yanacaq-sürtgü materialları, habelə qum hazır vəziyyətə gətirilib. Bu barədə "Report"a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Bununla belə, A.Nəcəfli sürücüləri də ehtiyatlı olmağa çağırıb: "İndiki hava şəraitində avtomobil sahibləri maşının qış rejiminə uyğunlaşması üçün onun təkərlərini dəyişdirməlidirlər. Çünki yağışlı və qarlı hava şəraitində avtomobil yolları sürüşkən olur, bu da baş verən qəzaların sayını artırır. Sürücülər avtomobillərinin şinlərinə, şüşə silgəclərinin işlək vəziyyətdə olmasına, habelə soyuducu sistemlərində donmayan mayelərdən istifadə olunmasına diqqət yetirməlidirlər".

Şirkət rəsmisi əlavə edib ki, hələlik yollarda hər hansı bir problem yoxdur. O, vətəndaşları yolda yaranacaq problemlərlə əlaqədar (012) 599 79 75 nömrəli "Qaynar xətt"ə zəng edə biləcəklərini bildirib.  

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə və gündüz 0-2 dərəcə isti, axşam 1 dərəcəyədək şaxta olacaq.

Ölkə ərazisində qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Yolların buz bağlayacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi