Yuxarı

Prezident “Azərxalça” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb

“Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilib

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilib.

Sərəncamda qeyd olunub ki, “Azərxalça” ASC Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi bu dövlət orqanlarına - Nazirlər Kabinetinə (Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi), İqtisadiyyat Nazirliyinə (Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi, Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirildiyi nəzərə alınmaqla, Cəmiyyətin İdarə Heyətinin üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin Müşahidə Şurasının və Təftiş Komissiyasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi, Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi, Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi, bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli), Əmlak Məsələləri Dövlət Komitəsinə (Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi) həvalə edilib. 

5. Müəyyən edilib ki, Cəmiyyətdə Müşahidə Şurası, İdarə Heyəti və Təftiş Komissiyası yaradılır, Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Nazirlər Kabineti Cəmiyyətin nizamnaməsini və strukturunu bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etməli, Cəmiyyətin ilkin mərhələdə saxlanılması və nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılmasını bir ay müddətində həll etməli, “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin ləğvi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməli, Cəmiyyətin yaradılması və “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin ləğvi ilə əlaqədar Prezident aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Cəmiyyətin yaradılması və “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin ləğvi ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi