“Azərsu” Şirvan şəhərində 134 yaşayış binasının içməli su problemini həll edib

“Azərsu” Şirvan şəhərində 134 yaşayış binasının içməli su problemini həll edib Ümumilikdə 85 min nəfər əhalisi olan Şirvan şəhəri sakinlərinin 85 faizi 24 saat fasiləsiz su ilə təmin olunur
İnfrastruktur
16 May , 2017 19:14
“Azərsu” Şirvan şəhərində 134 yaşayış binasının içməli su problemini həll edib

Bakı. 16 may. REPORT.AZ/ “Azərsu” ASC-nin daxili imkanları hesabına Şirvan şəhərinin mərkəzi hissəsində 2 km uzunluğunda yeni magistral su xətti çəkilib. 

Qurumun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu 134 çoxmənzilli yaşayış binasının su təchizatının fasiləsiz rejimə keçirilməsinə imkan yaradıb.

Eyni zamanda relyef baxımından hündür ərazidə yerləşən və uzun illərdir içməli su problemi yaşayan Taleh Ələkbərov küçəsinə ilk dəfə içməli su verilib. Hazırda şəhərin 1 may, Demanlı küçələrini və “Köhnə şəhər” adlanan ərazilərini 24 saat fasiləsiz içməli su ilə təmin etmək məqsədi ilə 3 km uzunluğunda yeni xəttin inşasına başlanıb.

Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi nəticəsində Şirvan şəhərinin Çılpaqlı və Yeni yaşayış massivlərinin də içməli su təchizatını yaxşılaşıb. Magistral kəmərdən Yeni yaşayış massivinə 2 km su xətti çəkilmiş və paylayıcı şəbəkə qurulub. Eyni zamanda Çılpaqlı qəsəbəsinə 6,1 km magistral su xətti çəkilərək mövcud şəbəkəyə birləşdirilib.

Ümumilikdə 85 min nəfər əhalisi olan Şirvan şəhəri sakinlərinin 85 faizi 24 saat fasiləsiz su ilə təmin olunur. Əhalinin digər hissəsinə içməli su 1952-ci ildə tikilmiş sutəmizləyici qurğudan rejimlə verilir. Şəhərdə magistral su xətlərinin tikintisi yekunlaşdıqdan sonra Şirvan şəhərinin bütün abonentlərinin su təchizatı fasiləsiz rejimə keçiriləcək:

“Təxirəsalınmaz tədbirlər çərçivəsində Şirvan şəhərində çoxmənzilli binaların zirzəmilərindəki antisanitar vəziyyətin aradan qaldırılması işləri də həyata keçirilir. Bakı şəhərindən göndərilmiş xüsusi briqadaların köməyilə 14 binanın zirzəmisi sulardan təmizlənmiş, su və kanalizasiya xətləri yenilənib. Şirvan şəhərində içməli su və kanalizasiya şəbəkəsinin kompleks şəkildə yenidən qurulması yeni icra olunacaq layihə çərçivəsində həyata keçiriləcək”.

Qeyd edək ki, 2012-ci ildə təməli qoyulmuş Şirvan-Muğan qrup su kəmərinin 107 km uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi 2013-cü ildə istifadəyə verilib. 2013-cü ildə magistral kəmərdən Şirvan, Hacıqabul, Biləsuvar, 2016-cı ildə isə Salyan şəhərinə içməli suyun verilməsi təmin edilmişdir. Gələcəkdə bu mənbədən kəmərin marşrutu boyu yerləşən 121 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 470 min nəfər faydalanacaq.

Son xəbərlər

Orphus sistemi