​“Azərsu” Qusarda içməli su təchizatı üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsini yerinə yetirib

​“Azərsu” Qusarda içməli su təchizatı üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsini yerinə yetirib Naftalan, Xaçmaz, Xızı, Qobustan şəhərlərində tikinti-quraşdırma işləri davam etdirilir
İnfrastruktur
28 Mart , 2016 18:21
​“Azərsu” Qusarda içməli su təchizatı üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsini yerinə yetirib

Bakı. 28 mart. REPORT.AZ/ “Azərsu” ASC tərəfindən Azərbaycan və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib.

“Report”un ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, “Qusar şəhərinin su təchizatı və kanalizasiya sisitemlərinin yenidən qurulması” layihəsi üzrə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qusarda 19,6 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması hesablanıb. Layihə çərçivəsində Qusar rayonunun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Xuray və Quba rayonunun Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərində yaşayan 12 min nəfərin də içməli su təchizatı yaxşılaşdırılacaq. Ümumilikdə layihədən 32 min nəfərə yaxın sakin faydalanacaq.

Mərhələli şəkildə həyata keçirilən layihənin birinci mərhələdə su mənbəyində - Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8813 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilib, 17,4 km uzunluğunda magistral su xətti çəkilib. Qusar şəhərini və ətraf kəndləri dayanıqlı su ilə təmin etmək məqsədi ilə hər birinin tutumu 1000 kubmetr olan 3 ədəd su anbarı, 2,8 km uzunluğunda anbarlararası su xətti və yeni xlorator binası inşa olunub.

Layihənin ikinci mərhələsində şəhərdə su və kanalizasiya şəbəkələrinin yaradılması nəzərdə tutulur. Şəhər üzrə layihələndirilən 103 km içməli su şəbəkəsinin 71 km-lik hissəsi inşa edilib, 2711 ünvana birləşmə verilib.

Hazırda su şəbəkəsi ilə paralel olaraq şəhərdə kanalizasiya infrastrukturu da yaradılır. Layihədə nəzərdə tutulan 106 km kanalizasiya şəbəkəsinin 93 km-lik hissəsində işlər yekunlaşıb, 4685 ünvana ev birləşməsi verilib.

Qusar şəhərində yaranacaq çirkab suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən çirkab sutəmizləyici qurğuda təmizlənəcək. Tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə inşa edilən kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Bu qurğuda Qusar şəhəri ilə yanaşı, Quba və Xaçmaz şəhərlərinin də tullantı suları təmizlənib zərərsizləşdiriləcək.

Qeyd edək ki, “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qusar şəhəri ilə yanaşı, Naftalan, Xaçmaz, Xızı, Qobustan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Hazırda bu şəhərlərdə tikinti-quraşdırma işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi