​"Azərsu" ötən il 142 min sayğac quraşdırıb

​"Azərsu" ötən il 142 min sayğac quraşdırıb Hazırda əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 56%, qeyri-əhali qrupu üzrə isə 77% təşkil edir
İnfrastruktur
19 Yanvar , 2015 17:22
​Azərsu ötən il 142 min sayğac quraşdırıb

Bakı. 19 yanvar. REPORT.AZ/ "Azərsu" ASC tərəfindən 2014-cü il ərzində Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 142 min ədəd smart-kart tipli su sayğacı quraşdırılıb. Quraşdırılmış sayğacların 134 min ədədi əhali, 8 min ədədi isə qeyri-əhali qrupunun payına düşür. Bu barədə "Report"a "Azərsu"nun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə 93 min ədəd, regionlarda isə 49 min ədəd smart-kart sayğacı quraşdırılıb və ölkənin şəhər və rayon mərkəzlərində yeni su və kanalizasiya layihələrinin icrası çərçivəsində bütün abunəçilər smart-kart sayğaclarla təmin olunur.

Ümumilikdə, smart-kart sayğaclarının tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış smart-kart sayğaclarının sayı 352 minə çatıb. Smart-kart sayğaclarının quraşdırılması əhali və qeyri əhali qrupu abunəçiləri üçün paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 320 min ədədi əhali, 32 min ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. 

"Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artmış, eyni zamanda həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunub", - "Azərsu"dan bildirilib.

Bu ilin yanvarın 1-nə "Azərsu" üzrə abunəçilərin 750 mini və ya 57%-i sayğaclarla təmin olunub. Əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 56%, qeyri-əhali qrupu üzrə isə 77% təşkil edib.

Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə smart-kart sayğaclarının quraşdırılması davam etdirilir.

Son xəbərlər

Orphus sistemi