​"Azərsu" Naftalanda sutəmizləyici qurğunun tikintisi üzrə müsabiqə elan edib

​"Azərsu" Naftalanda sutəmizləyici qurğunun tikintisi üzrə müsabiqə elan edib Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2012-ci ilin martında başlanıb
İnfrastruktur
1 Mart , 2016 19:26
​Azərsu Naftalanda sutəmizləyici qurğunun tikintisi üzrə müsabiqə elan edib

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan hökuməti Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naftalan şəhərində çirkab su təmizləyici qurğu (ÇSTQ) tikiləcək. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti qurğunun layihələndirilməsi və tikintisi üzrə podratçı təşkilatların müəyyənləşdirilməsi məqsədilə müsabiqə elan edib. "Azərsu"nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müsabiqədən keçən iddiaçılar tenderdə iştirak üçün dəvət ediləcək.

Müsabiqənin şərtlərinə əsasən, Naftalan şəhərində sutkalıq məhsuldarlığı 3 min kubmetr olan bioloji tipli ÇSTQ-nın tikintisi nəzərdə tutulur. ÇSTQ-nın inşasına 2017-ci ilin əvvəlində başlanması və işlərin 2019-cu ilin sonunda başa çatdırılması planlaşdırılır. Qurğu istismara verildikdən sonra Naftalan şəhərində yaranan tullantı suları təmizlənib zərərsizləşdiriləcək və ətraf mühitə ziyan vurmadan kənarlaşdırılacaq.

Qeyd edək ki, hazırda həyata keçirilən Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Naftalan şəhərində içməli su və kanalizasiya, Qasımbəyli, Qaşaltı Qaraqoyunlu kəndlərinin içməli su yaxşılaşdırılmasına hesablanıb. Ümumilikdə, layihənin icrasından 14 min nəfərin faydalanacağı açıqlanıb.

Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2012-ci ilin mart ayında başlanıb. Naftalan şəhərini və ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Ballıqaya-Goranboy magistral su kəməri seçilib. Bu xəttə birləşməklə Naftalan şəhərinə 6,4 kilometr magistral su xətti çəkilib. Layihə çərçivəsində hər birinin həcmi 3 min kubmetr olan 2 su anbarı, 37,7 km uzunluğunda içməli su şəbəkəsi inşa edilib. 2013-cü ilin sentyabrında Naftalan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib.

Tullantı sularının optimal idarə edilməsi məqsədi ilə 36,4 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 1,8 kilometr uzunluğunda çirkab su atma xətti tikilib. İçməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri 2015-ci ilin sonlarında yekunlaşıb.

Layihə çərçivəsində Naftalan Sukanal İdarəsi üçün inzibati binanın və istehsalat bazasının tikintisi, ərazidə abadlıq işlərinin və digər texniki tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Naftalan şəhərində ilk su təchizatı və kanalizasiya sistemləri 1970-ci illərdə yaradılıbr. Şəhərə içməli su Çəkil kəhrizindən və subartezian quyulardan qrafiklə verilib. Şəhərdə mövcud olmuş 47 kilometr su və 16 kilometrlik kanalizasiya şəbəkəsi istismara yararsız vəziyyətdə olub.

Son xəbərlər

Orphus sistemi