Yuxarı
    Bağlamaq

    “Azərsu” Kürdəmirin 12 kəndinə içməli su verib

    Bakı. 27 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunun 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

    Bu barədə “Report”a “Azərsu”ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, bununla bağlı Kürdəmir rayonunun Qaraqocalı kəndində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. Qeyd edib ki, sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına töhfə verib.

    “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncama uyğun olaraq, 28 rayonun 170 yaşayış məntəqəsində layihələrin yekunlaşdığını bildirib. Onun sözlərinə görə, növbəti illərdə digər kəndlərin də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə araşdırmalar aparılır.

    Kəndlərə yeni mənbədən verilən suyun keyfiyyəti ilə sakinləri əyani tanış etmək məqsədilə “Azərsu”nun mərkəzi laboratoriyasının səyyar laboratoriyası tərəfindən analizlər aparılıb və nəticələr sakinlərə nümayiş etdirilib.

    Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, Kürdəmir rayonunda icra olunan layihələr 12 yaşayış məntəqəsini - Mürtülü, Qağacalı, Şıxımlı, Topalhəsənli, Şahsevən, Qaraqocalı, Xırdapay, Yeni Şıxımlı, Qurdbayram, Ucarlı, Balakəngərli kəndləri və Qarabucaq qəsəbəsini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Külüllü-Kürdəmir magistral kəməri seçilib. Magistral kəmərdən rayonun yaşayış məntəqələrinə çıxışlar verilib. Kəndlərdə müxtəlif diametrli polietilen borularla 39,5 km olan su xətləri çəkilib, ümumi istifadə üçün 113 ədəd bulaq quraşdırılıb. Ümumilikdə, yeni su təchizatı layihələrindən Kürdəmir rayonunun 12 yaşayış məntəqəsinin 11 400 nəfər sakin faydalanıb.

    Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncama uyğun olaraq, 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb. Kəndlərdə 535 km su xətti çəkilib, 1 394 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi