Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün “Azərsu” ASC-də Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankının (İİB) nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə "Report"a "Azərsu"dan bildirilib.
Məlumata görə, görüşdə qurumun sədr müavini Etibar Məmmədov İİB-nin Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib. O, “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Tərtər, Gədəbəy, Daşkəsən, Astara şəhərlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verib: "Artıq Tərtər şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir. 2017-ci ildə isə daha bir şəhərdə - Qazaxda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılması nəzərdə tutulur".
İİB-nin Mərkəzi Asiya və Avropa üzrə meneceri Elvalid Hamur adı çəkilən layihənin icrasından razı qaldığını bildirib. O, qeyd edib ki, təmsil etdiyi bank bundan sonra da Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrində iştirak etməkdə maraqlıdır.