“Azərsu” Bakıda yağış sularının yığılması təhlükəsini aradan qaldırır

“Azərsu” Bakıda yağış sularının yığılması təhlükəsini aradan qaldırır İlin sonuna qədər bu istiqamətdə işlərin başa çatdırılması nəzərdə tutulub
İnfrastruktur
8 Sentyabr , 2017 16:36
“Azərsu” Bakıda yağış sularının yığılması təhlükəsini aradan qaldırır

Bakı. 8 sentyabr. REPORT.AZ/ “Azərsu” ASC Bakıda yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Nazirlər Kabinetinin sərəncamından irəli gələn layihələr çərçivəsində işlərin böyük hissəsini icra edib.

Bu barədə "Report"a qurumdan bildirilir. 

Məlumatda deyilir ki, sərəncama əsasən, Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub və may ayından tikinti-quraşdırma işlərinə başlanılıb. Qısa müddət ərzində 6 ərazidə - Böyükşor gölü, Taşağıl gölü, Ramana Südçülük Sovxozu, Binəqədi şosesi, Əliyar Əliyev, Yusif Səfərov küçələrində layihələrin icrası yekunlaşıb, digər ərazilərdə tikinti-quraşdırma işləri davam etdirilir. Bu layihələr çərçivəsində layihələndirilmiş 17,5 km kanalizasiya kollektorlarının 13,5 km-lik hissəsi inşa edilib.

Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,9 km uzunluğunda kollektor tikilib. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq. Eyni zamanda Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi layihəsi çərçivəsində 1,5 km uzunluğunda kanalizasiya kollektorunun inşası yekunlaşıb.

Ramana Südçülük Sovxozunun ərazisində yağış sularının kənarlaşdırılması məqsədilə 1 km uzunluğunda kanalizasiya kollektorunun inşası yekunlaşıb.

Nərimanov rayonu Əliyar Əliyev və Xətai rayonu Yusif Səfərov küçələrində səth sularının kənarlaşdırılması üçün kollektorların tikintisi başa çatdırılıb.

Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə 1000-1200 millimetr diametrli borularla 2,4 km layihələndirilən kollektorun 1,5 km-lik hissəsi tikilib. Suyun səviyyəsi azaldıqdan sonra kollektor gölün içərisinə doğru daha 200 metr uzadılacaq və burada sugötürücü kamera tikiləcək.

Taşağıl və Böyükşor göllərinin su səviyyəsinin stabil saxlanılması məqsədilə 1 ədəd nasos stansiyası tikilib. Hazırda ikinci nasos stansiyasının və 1 km uzunluğunda xəttin inşası davam etdirilir.

Ziya Bünyadov prospekti boyu 1200 mm diametrli borularla 1,3 km uzunluğunda kollektorun 400 metrlik hissəsində, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində 1000 mm diametrli borularla 1,9 km kollektorun 1,5 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. Xətai rayonu Kazımağa Kərimov küçəsində 1,2 km uzunluğunda kollektorun 1 km-lik hissəsi tikilib. Yasamal rayonu Əhməd Cəmil küçəsində 577 metrlik kollektorun 300 metrlik hissəsi inşa edilib.

Sabunçu rayonunun Sabunçu vağzalı ətrafı ərazilərdə yağış sularının kənarlaşdlırılması məqsədilə 1,9 km layihələndirilmiş kollektorun 500 metrlik hissəsi inşa olunub. Şuşa şəhərciyi ətraflı ərazilərdə yağış sularının kənarlaşdırılması məqsədilə 1,8 km kollektorun tikintisi başa çatdırılıb, hazırda nasos stansiyasının inşası davam etdirilir.

Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq. Eyni zamanda bir sıra göllərdə suyun səviyyəsinin tənzimlənməsi göllərin daşması və yaşayış evlərinə ziyan vurması təhlükəsini aradan qaldıracaq.

Qeyd edək ki, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən “Azərsu”ya 14,7 mln. manat vəsait ayrılıb. 

Son xəbərlər

Orphus sistemi