Yuxarı

Dmitri Savelyev: "Azərbaycanla Rusiya arasında "Şimal-Cənub" dəhlizi boyunca sənaye klasterləri yaratmaq üçün yeni imkanlar açılıb"

Azərbaycanla Rusiya arasında sənaye klasterləri yaradıla bilər

Rusiya ilə Azərbaycan arasındakı tərəfdaşlıq əlaqələrinin əsas istiqaməti milli iqtisadiyyatların modernləşdirilməsi və istehsalın birgə şaxələndirilməsinə ümumi yanaşmaların axtarışıdır.

"Report" xəbər verir ki, bu barədə "Kapital stranı" internet nəşrinə açıqlamasında Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev keçən il prezidentlər Vladimir Putin və İlham Əliyev tərəfindən hazırlanmasına təşəbbüs göstərilən "yol xəritələri"nin həyata keçirilməsindəki irəliləyişləri dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, yalnız məhsulun dəyərinin xammalın ixracından xeyli rentabelli olacağı "yeni iqtisadiyyat" yaradıldığı zaman Rusiya və Azərbaycanın dövlət büdcələrinin qlobal enerji bazarındakı qiymət dəyişikliyindən asılı olmayacağını iddia etmək olar.

Rusiyalı deputat qeyd edib ki, ölkələrimizin ənənəvi olaraq güclü olduğu neft-qaz sektorunda da xammalın emalı xeyli əlavə dəyər yaradır. Neft-kimya sənayesində uğurlu əməkdaşlığa nümunə kimi D.Savelyev bu il Azərbaycanda üç zavodun - "SOCAR Polymer", "SOCAR Karbamid" və "Diamed Co."nun fəaliyyətə başlamasını göstərib. "Təkcə birinci zavoda "Qazprombank" təxminən 500 milyon dollar sərmayə qoyub. Uğurlu Rusiya-Azərbaycan tərəfdaşlığının başqa bir nümunəsi Rusiyanın "R-Farm" və Azərbaycanın "Vita-A" şirkətlərinin ümumilikdə 70 milyon avrodan çox investisiya qoyduğu "Həyat Farm" əczaçılıq kompleksidir", - parlamentari vurğulayıb.

Onun sözlərinə görə, energetika və nəqliyyat sahəsindəki uğurlar artıq çoxdan ikitərəfli əməkdaşlıq çərçivəsini aşıb. Deputat Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi üzrə sazişin imzalanmasını xatırladıb. "Bu, "Şimal-Cənub" nəqliyyat dəhlizi boyunca sənaye klasterləri yaratmaq üçün yeni imkanlar açacaq və nəticədə iqtisadi əməkdaşlığın inkişafına daha bir təkan verəcək", - D.Savelyev deyib.

O, həmçinin hesab edir ki, Azərbaycanın nəqliyyat infrastrukturu bütün maraqlı tərəflərə, ilk növbədə də Bakı-Tbilisi-Qars marşrutu sayəsində dəmir yolu ilə yük daşımalarının həcmini növbəti iki ildə 500 min tona qədər artıra biləcək Rusiyaya geniş tranzit imkanları verir.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri eyni zamanda Rusiya ilə Azərbaycanın özləri arasındakı ticarət dövriyyəsinin ildən-ilə artdığını vurğulayıb. Onun sözlərinə görə, regionlararası Rusiya-Azərbaycan əməkdaşlığı ölkələrimizin strateji tərəfdaşlığında əsas trend olaraq qalır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi