Azərbaycanla Gürcüstan arasında konteyner daşımalarına güzəştli tarif tətbiq olunub

Azərbaycanla Gürcüstan arasında konteyner daşımalarına güzəştli tarif tətbiq olunub Bu, iki ölkə arasında il ərzində 40 000-ə yaxın konteynerin daşınmasına imkan verəcək
İnfrastruktur
2 İyun , 2017 16:13
Azərbaycanla Gürcüstan arasında konteyner daşımalarına güzəştli tarif tətbiq olunub

Bakı. 2 iyun. REPORT.AZ/ Ötən gün Gürcüstandan yola düşən ilk konteyner qatarı bu gün Keşlə stansiyasına çatıb. Qatar 26 konteyerdən ibarətdir. 

Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumata görə, aparılan çevik tarif siyasəti nəticəsində ilkin hesablamalara görə, Azərbaycanla Gürcüstan arasında il ərzində 40 000-ə yaxın konteynerin daşınması mümkün olacaq. Bu da əlavə 1 mln. ton yükün daşınması deməkdir.

Xatırladaq ki, Azərbaycan və Gürcüstan dəmir yolu rəhbərləri arasında, dəmir yoluna konteyner daşımalarının daha çox cəlb edilməsi barədə müvafiq sənəd imzalanıb. Həmin sənədə əsasən, Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə konteyner daşımalarına rəqabətə davamlı, eləcə də 50%-ə qədər güzəştli tariflər tətbiq olunub və bu tariflər iyunun 1-dən yük daşımalara tətbiq edilir.

Konteyner daşımalarının həyata keçirilməsi üçün Azərbaycan və Gürcüstan tərəfi konteyner qatarı hazırlayıb. Bu qatarların hərəkəti üçün xüsusi cədvəl tərtib olunub və hərəkət sürəti digər yük qatarlarının hərəkət sürəti ilə müqayisədə 2 dəfə yüksəkdir. Belə ki, bu qatarlar Poti və Bakı arasında 900 km-ə yaxın məsafəni 30 saata qət edirlər.

Qeyd edək ki, konteyner qatarları tələbata uyğun olaraq, həftədə bir neçə dəfə olmaqla fəaliyyət göstərəcək. Yükgöndərənlərin sifarişi əsasında Gürcüstan limanlarından yüklənən konteyner qatarları Bakı, Astara, Ələt, Xırdalan, Sumqayıt və digər regionlara da göndərilə bilər.

Gürcüstan limanlarından yüklənən konteyner qatarlarının Azərbaycanda yük sahiblərinə çatdırılıb, boşaldılıb və geriyə qaytarılması, maksimum 5 sutka ərzində həyata keçiriləcək .

Son xəbərlər

Orphus sistemi