Azərbaycanın Yekaterinburqdakı baş konsulu: "Ural regionu "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə yük daşımasında lider olacaq"

Azərbaycanın Yekaterinburqdakı baş konsulu: "Ural regionu "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə yük daşımasında lider olacaq" Azərbaycanın bu layihə ilə bağlı digər istiqamətlərdən də istifadə etmək üçün böyük perspektivi var
İnfrastruktur
10 Dekabr , 2016 12:02
Azərbaycanın Yekaterinburqdakı baş konsulu: Ural regionu Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yük daşımasında lider olacaq

Moskva. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərovun "Report"a müsahibəsi:

- Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsinin səlahiyyətlərinə nə daxildir?

- Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu 2010-cu ildə fəaliyyətə başlayıb. Baş konsulluğun əsas vəzifəsi vətəndaşlarımıza sənədləşmə işlərində və bütün hüquqi məsələlərdə yardım etməkdir. İkinci vəzifəmiz Azərbaycanın və ölkəmizin nümayəndəliklərinin qeydiyyatdan keçdiyi regionlar arasında əməkdaşlığı, qarşılıqlı əlaqəni yaxşılaşdırmaqdır. Yekaterinburqdakı baş konsulluğun yurisdiksiyasına Ural regionu, Sibir və Uzaq Şərq, başqa sözlə, bütün Rusiya ərazisinin 80%-i daxildir. Müvafiq olaraq, burada Federasiya subyektlərinin sayı çoxdur və baş konsulluq onların hamısı ilə həm iqtisadi, həm də sosial əməkdaşlıq etməlidir.

- Bu gün Rusiyanın Ural regionu və Azərbaycan arasında əməkdaşlığın vəziyyəti necədir?

- Bu gün Rusiya-Azərbaycan Humanitar Forumu, Rusiya və Azərbaycan arasında illik regionlararası iqtisadi əməkdaşlıq iclası keçirilir.

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın lokomotivi böyük sənaye istehsalının olduğu Sverdlovsk vilayətidir. Bütün Rusiya sənayesinin 40% məhz bu vilayətdə cəmləşib. Hamıya məlumdur ki, Rusiyanın ən böyük maşınqayırma müəssisəsi olan "Uralvaqonzavod" ötən il "Azərbaycan Dəmir Yolları" ilə 3 min vaqon təchizatı ilə bağlı müqavilə imzalayıb. Bu il müqavilə öhdəlikləri uğurla yerinə yetirilib.

Qeyd edim ki, "Azərbaycan Dəmir Yolları" ilə müqavilə şirkətə qismən istehsal güclərini artırmağa, yeni bazarlar tapmağa kömək edib. İndi korporasiya İrana 5 min vaqon tədarük etməyi planlaşdırır - yayda sınaq partiya Azərbaycan ərazisindən keçməklə İrana göndərilib.

2014-cü ildə qubernatorun başçılığı ilə Sverdlovsk vilayətinin nümayəndə heyətinin Bakıya işgüzar səfəri region və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün təkan olub. O zaman qubernatorla birlikdə Azərbaycan paytaxtına həm də biznes elitasının böyük qrupu gəlmişdi. Həmin səfər zamanı qarşılıqlı münasibətlər, Azərbaycan tərəfinin çoxlu sayda vaqon alqısına marağı yarandı.

Azərbaycan və Ural regionunun iqtisadi maraqlarının kəsişdiyi digər nöqtələr də var. Ağac emalı sənayesi inkişaf edir: Azərbaycana və tranzit ölkə kimi Azərbaycandan ağac və meşə materiallarının böyük axını gedir. Bundan əlavə, metallurgiya sahəsindəki əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. İndi Azərbaycana regionun qara və əlvan metallurgiya zavodlarından boru məhsullarının təchizatı həyata keçirilir.

- Qeyd etdiyiniz kimi, Ural regionu Rusiyanın ən güclü sənaye mərkəzidir. Bəs o, "Şimal-Cənub" nəqliyyat dəhlizinin işində hansı formada iştirak edəcək?

- "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin yüklənməsində Ural regionunun müəssisələrinin lider olacağı planlaşdırılır. Bu nəqliyyat dəhlizi ilə bağlı bir çox layihələr var.

Azərbaycanın bu layihə ilə bağlı digər istiqamətlərdən də istifadə etmək üçün böyük perspektivi var. Məsələn, Bakı-Axalkalaki-Qars dəmir yolu xətti ilə yükləri Avropaya istiqamətləndirə bilərik. İftixar hissi ilə deyə bilərəm ki, indi Azərbaycan Rusiya, o cümlədən Ural regionu mallarının Yaxın Şərq, Cənubi Asiya ölkələrinə və əks istiqamətdə göndərilməsi baxımından tranzit mərkəzidir.

Sverdlovsk vilayətində məşhur "İnnoprom" beynəlxalq sənaye sərgisi keçirilir. Bu sərginin təşkili Avropa və Asiya arasında əməkdaşlığa böyük təkan verir. Bir müddətdir Azərbaycan şirkətləri də hər il keçirilən bu sərgiyə maraq göstərir.

Sənaye ilə həmçinin Azərbaycanın fəal şəkildə inkişaf etdirdiyi yüksək texnologiyalar sferası əlaqədardır. Gələcəkdə Ural Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq əlaqələrinin qurulması da nəzərdə tutulub. Artıq mineralogiya, geologiya, kimya, fizika, dağ-mədən sahələrində bəzi şifahi razılaşmalar var.

- Bəs sizin regionda azərbaycanlıların miqrasiya problemləri ilə vəziyyət nə yerdədir?

- Miqrasiya siyasəti ilə bağlı problemlər kifayət qədərdir. Azərbaycan və Rusiya qanunları arasında olan fərqlərlə bağlı müəyyən nüanslar var, bəzi hallarda onlar hətta bir-birinə zidd olur. Son zamanlarda sistem daha da mürəkkəbləşib. Miqrasiya Xidmətinin Rusiya Daxili İşlər Nazirliyinin yurisdiksiyasına keçməsi nəticəsində müəyyən məsələləri tənzimləyəcək daxili təsərrüfat qurumlarının müəyyənləşdirilməsi kifayət qədər vaxt apardı. Buna uyğun olaraq, miqrasiya sahəsində müəyyən texniki məsələlərin həyata keçirilməsi yubandı. Konsulluq xidməti kimi biz bu problemlə birbaşa üz-üzə qaldıq. Bəzi məsələlər üzrə Miqrasiya Xidməti ilə işləyirik, problemləri dəqiqliyi ilə həll etməyə çalışırıq.

Son vaxtlar Rusiya ərazisində uzun müddət yaşayan Azərbaycan vətəndaşlarının əksəriyyəti Rusiya vətəndaşlığını almaq istəklərini dilə gətirir. Amma bu prosedur məsələn, elə Azərbaycandakı analoji prosedurdan fərqlidir. Buna görə də çoxlu suallar yaranır. İnsanlar zaman-zaman bir ölkənin vətəndaşlığından imtina edərək digər ölkənin vətəndaşlığını qəbul etməyin bir-biri ilə əlaqəli müəyyən öhdəliklərin yerinə yetirilməsinə səbəb olduğunu dərk etmirlər.

- Yerli Azərbaycan diasporu miqrasiya problemlərinin həllində necə kömək edir? Onlarla əməkdaşlıq edirsinizmi?

- Ümumrusiya Azərbaycan Konqresinin yerli bölməsi ilə yaxşı əlaqələrimiz var, onlar da öz növbəsində, Sverdlovsk vilayətinin rəhbərliyi ilə fəal şəkildə əməkdaşlıq edir. Bir zamanlar Azərbaycan konsulluqlarında Avropadakı viza mərkəzlərinə oxşar xidmət mərkəzləri yaratmaq fikri var idi. Ancaq belə strukturların kommersiya ilə daha çox bağlı olduğunu nəzərə alıb bu ideyadan imtina etdik. Burada diaspor tərəfindən müəyyən təşəbbüs lazımdır, dövlət isə artıq səfirlik və ya baş konsulluq kimi əməkdaşlıq baxımından kömək edə bilər. Yəqin bu da zaman məsələsidir. Bizim bizneslə məşğul olan insanlar baxımından kifayət qədər yaxşı diasporumuz var. Onlar yaşadıqları və işlədikləri vilayətlərin rəhbərlikləri ilə yaxşı əlaqələrə malikdirlər. Təəssüf ki, onların heç də hamısı dövlət səviyyəsində proseslərdə iştirak etmək istəmir və daha çox iqtisadi əlaqələrdə maraqlıdırlar. Amma xoş istisnalar da var. Məsələn, bu ilin sentyabr ayında həmyerlimiz, iş adamı Eduard Ömərov seçkilərdə qalib gələrək Tümen Vilayət Dumasının deputatı olub. Belə nümunələr digər azərbaycanlıların da Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirak etməsinə təkan verməlidir.

Son xəbərlər

Orphus sistemi