Yuxarı

Azərbaycanın tikinti sektorunda seysmikliyin öyrənilməsi üçün yeni normativlər tətbiq oluna bilər

Azərbaycanın tikinti sektorunda seysmiklik öyrəniləcək

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) tikinti sahələrinin seysmikliyi ilə bağlı müzakirələr keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, “Lawrence Livermore” Milli Laboratoriyasının, ABŞ Seysmik Əməkdaşlıq proqramının proqram meneceri Rengin Gök və Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Bakıya səfərə gəlib.

Səfərin məqsədi “Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsi çərçivəsində görülən işlərə dair müzakirələrin aparılması, eləcə də mərkəz əməkdaşlarına beynəlxalq standartlara uyğun emal proqramları ilə bağlı təlimin keçirilməsidir.

Xarici qonaqlar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə RSXM-nin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Tahir Məmmədli, "Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma" şöbəsinin müdiri Zəhra Əiyeva, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Müzakirələr zamanı tərəflər arasında əməkdaşlığın hazırki vəziyyəti, “Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsi çərçivəsində Azərbaycanda görülən işlər, eləcə də tikinti sahələrində seysmikliklə bağlı yeni tikinti normativlərinin tətbiqinə dair məsələlərə toxunulub. 

Xarici mütəxəssislər Azərbaycanda, xüsusi ilə də Bakı şəhəri və Azərbaycanın digər böyük şəhərlərində tikinti aparılan sahələrdə seysmikliyin öyrənilməsi ilə bağlı yeni tikinti normativlərinin tətbiq olunmasına dair təkliflə çıxış edərək artıq əksər ölkələrin bu normativləri tətbiq etdiklərini bildiriblər. Həmçinin ikitərəfli əməkdaşlığa uyğun olaraq, RSXM əməkdaşlarının Amerikada təlimə göndərilməsi barədə də razılıq əldə edilib.

Qeyd edək ki, xarici qonaqlar tikinti sahələrində seysmiklikliyin öyrənilməsi məqsədilə yeni tikinti normativlərinin tətbiqi ilə bağlı Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi