"Şahdağ" Qazaxıstanın yeni açılan limanından ilk yola düşən gəmi olub

"Şahdağ" Qazaxıstanın yeni açılan limanından ilk yola düşən gəmi olub Bu bərə kompleksinin istismara verilməsi Xəzər dənizində yükdaşımanın həcminin artmasına səbəb olacaq
İnfrastruktur
7 Dekabr , 2016 10:45
Şahdağ Qazaxıstanın yeni açılan limanından ilk yola düşən gəmi olub

Bakı. 7 dekabr. REPORT.AZ/ Qazaxıstan Xəzər dənizi sahilində Kurık bərə kompleksini  istismara verib. Kurık limanında istismara verilən yeni bərə kompleksindən yüklərin vaqonlardan boşaldılmadan birbaşa bərələrə yüklənib Xəzəryanı ölkələrə, oradan isə Avropaya daşınması mümkün olacaq. Bu, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən "Report"a daxil olan məlumatda bildirilib.

Ümumi sahəsi 40 hektar olan bərə kompleksi ildə 4 mln. ton yükün aşırılmasına imkan yaradacaq. Kurık limanının əlverişli coğrafi mövqeyi, eyni zamanda limanda suyun dərinliyinin böyük tutumlu gəmilərin yan alması üçün münasib olması gələcəkdə bu limandan ən müxtəlif təyinatlı yüklərin yola salınması və qəbuluna imkan verir. Bu kompleks Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə artan konteyner həcmlərinin qarşılanmasında mühüm rol oynayacaq. Buradan Azərbaycan istiqamətində səfərlər zamanı mövcud və yeni bərələrdən istifadə olunacaq.

Bu günə kimi Qazaxıstan ərazisindən tranzit yükdaşımaları yalnız Aktau limanından həyata keçirilirdi. Aktau limanının yükaşırma imkanlarının məhdud olması və eyni zamanda limanın coğrafi yerləşməsi, onun küləklərin birbaşa təsirinə məruz qalması yükdaşımalara mənfi təsir göstərirdi. Yeni bərə kompleksinin istismara verilməsi isə Xəzər dənizində yükdaşımanın həcminin artmasına səbəb olacaq. Kurık kompleksinin Bakı Limanına daha yaxın məsafədə yerləşməsi yüklərin daha tez zaman kəsiyində ünvana çatmasına imkan yaradacaq.

Kurık limanından ilk yola salınan Gəmiçiliyin “Şahdağ” gəmi-bərəsi olub. Əsaslı təmirdən bu yaxınlarda çıxan “Şahdağ” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda dəmir yolu vaqonları və sərnişin daşıyacaq.

Xatırladaq ki, Gəmiçilik Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərir və hazırda 13 gəmi-bərəsi Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalara cəlb olunub. Rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi də donanmasında gəmi-bərələrinin sayını artırmağa xüsusi önəm verir. Bu məqsədlə Gəmiçilik 2016-cı ilin oktyabr ayında daha 2 unikal "Ro-Pax" tipli gəmi-bərənin tikintisini Bakı Gəmiqayırma Zavoduna sifariş edib. Bununla da, Şərq-Qərb və əks istiqamətdə artması gözlənilən yüklərin daşınması heç bir maneə olmadan həyata keçiriləcək. Bərələrin sayının artırılması həm də Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi üçün də çox böyük əhəmiyyətə malikdir.

Son xəbərlər

Orphus sistemi