Yuxarı

​Azərbaycanın iqtisadiyyat və sənaye naziri Qətərin nəqliyyat nazirini qəbul edib

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Qətərin nəqliyyat naziri Cassim Saif Əhməd əl-Sulait ilə görüşüb.

Nazirlikdən "Report"a verilən xəbərə görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Qətər nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyi qeyd edilib. Hazırda Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq uğurla davam edir, əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycanlı nazir sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığa, eləcə də Azərbaycana, Qətərə və üçüncü ölkələrə sərmayə qoyuluşu imkanlarına dair fikirlərini bölüşüb. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev ölkəmizin əlverişli coğrafi mövqeyə, müasir nəqliyyat infrastrukturuna və böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdırıb.

Qətərli nazir C.S.Ə. əl-Sulait Bakıya səfərindən məmnunluğunu ifadə edib, dövlət başçıları tərəfindən əsası qoyulmuş Azərbaycan-Qətər əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Qətərin iqtisadiyyatı, həyata keçirilən layihələr barədə danışan qonaq Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edib, ölkələr arasında sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu sahəsində birgə layihələrin həyata keçirilməsi, təhsil və təcrübə mübadiləsi üçün imkanların olduğunu bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi