Azərbaycanın cənub bölgəsində daha bir yolun tikintisi aparılır

Azərbaycanın cənub bölgəsində daha bir yolun tikintisi aparılır Yolun uzunluğu 6 km-dir və II texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilib
İnfrastruktur
10 İyun , 2016 10:17
Azərbaycanın cənub bölgəsində daha bir yolun tikintisi aparılır

Bakı. 10 iyun. REPORT.AZ/ “Azəravtoyol” ASC tərəfindən Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi işləri aparılır. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

“Azəravtoyol” ASC tərəfindən tikintisi aparılan yolun uzunluğu 6 km-dir və II texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilib.

Layihəyə uyğun olaraq sözügedən yolun hərəkət hissəsinin eni 9 metr, hərəkət zolaqlarının eni 3,75 m, çiyinlərin eni 3 m, torpaq yatağının eni isə 15 m-dir. Yolda eninə maillik hərəkət hissəsində 2%, çiyinlərdə isə 4%-dir.

Əsasın alt layı – optimal çınqıl qarışığı, qalınlığı 24 sm, əsasın üst layı optimal qırmadaş qarışığı, qalınlığı 16 sm və asfalt-beton örtük 3 laydan ibarət qalınlığı 25 sm olmaqla yol geyiminin konstruksiyasının qalınlığı 65 sm təşkil edir.

Layihəyə uyğun olaraq yolun 1,68 km-də Bolqar çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 m olan avtomobil körpüsü inşa edilib. Bundan başqa 7 yerdə ümumi uzunluğu 170 m olan dairəvi boru, 3 yerdə düzbucaqlı ümumi uzunluğu 73 m olan boru, 2 yerdə ümumi uzunluğu 47 m olan düzbucaqlı su keçidi, həmçinin 9 yerdə yol birləşmələri və biri dairəvi olmaqla 3 yol kəsişməsi inşa edilib.

Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə 30 işıq dirəyi, 186 ədəd yol təhlükəsizlik dirəkləri, 94 ədəd müxtəlif yol nişanları və 4500 poqon metr metal əyrixətli təhlükəsizlik sədləri də quraşdırılacaq.

Sözügedən yolun tikintisində məqsəd, M-3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolu ilə R-43 Biləsuvar-İran sərhədi və R-42 Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dairəvi yol kimi yük və sərnişin daşımasını təmin etməkdir. Eyni zamanda, bu yol vasitəsi ilə 10 mindən artıq əhalisi olan Əsgərabad, Muğan və Çaylı yaşayış məntəqələrinə də avtonəqliyyat xidməti təmin ediləcək. Qeyd edək ki, hazırda bu yaşayış məntəqələrinə avtonəqliyyatın hərəkəti ancaq Biləsuvar şəhərinin daxili yolları vasitəsi ilə təşkil olunub.

Son xəbərlər

Orphus sistemi