Bakı Nəqliyyat Agentliyi yaradılıb

Bakı Nəqliyyat Agentliyi yaradılıb Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb
İnfrastruktur
21 Dekabr , 2015 18:13
Bakı Nəqliyyat Agentliyi yaradılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmanda bildirilir ki, son illərdə həyata keçirilən hərtərəfli yenilənmə, sistemli və kompleks tədbirlər nəticəsində sürətlə inkişaf edən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri müasir meqapolisə çevrilib.

İri iqtisadi və inzibati mərkəz olan, Avropa və dünya miqyaslı bir sıra mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhərinin bugünkü simasına uyğun olaraq paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilib və hazırda bu işlər davam etdirilir.

Əhali sıxlığının, intensiv hərəkətin artdığı hazırkı dövrdə bu sahədə əldə olunmuş müsbət nəticələrin səmərəliliyinin yüksəldilməsi, Bakı şəhərində nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, o cümlədən ictimai nəqliyyatın tənzimlənməsi, sərnişindaşıma marşrutlarının optimallaşdırılması və nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması ilə bağlı yeni çağırışlar yaranıb.

Fərmanla Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb.

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə tapşırılıb ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görsün.

Fərmanla “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi haqqında Əsasnamə”si və "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin strukturu” təsdiq edilib.

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin (bundan sonra - Agentlik) işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilib, Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Agentliyin tabeliyinə verilib.

Daxili İşlər Nazirliyinə tapşırılıb ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma zamanı sərnişin və baqaj daşınması qaydalarını pozan şəxslər barəsində tədbir görülməsində Agentliyə kömək göstərsin, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərində ictimai asayiş qaydalarına riayət olunmasına nəzarəti gücləndirsin.

Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün Agentlik tərəfindən dayanacaq məntəqələrinin və avtomobil duracaqlarının yerləşdirilməsi, habelə nəqliyyat qovşaqlarının yaradılması üçün müvafiq yerlərin ayrılmasını təmin etsin.

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə üç ay müddətində Prezidentə məlumat verməli, Agentliyin fəaliyyətini təkrarlayan və paralel fəaliyyət göstərən qurumların işçilərinin sayının azaldılması ilə əlaqədar tədbirlər görməli, Agentliyi bina ilə təmin etməli, habelə onun fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi