Yuxarı

​Azərbaycanda yaşayış mənzillərinin "vahid pəncərə" prinsipi ilə qeydiyyatının tətbiqi təklif olunur

Tezliklə ölkədə kollektiv bağçılıq təsərrüfatlarının qeydiyyatı asanlaşdırılacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanda yaşayış mənzillərinin qeyiyyatı sahəsində "vahid pəncərə" prinsipinin tətbiqi təklif olunur. "Report"un verdiyi xəbərə görə,

bu təklif Milli Məclisin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən iclasında səsləndirilib.

Toplantının gündəliyinə ümumiyyətlə beş məsələ - "Azərbaycanla Argentina arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında" sazişin təsdiqi ilə bağlı qanun layihəsi, habelə Mülki Məcəllə, "Məhkəmə və hüquq mühafizə işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Azərbaycanda mənzil fondunun özəlləşdirilməsi haqqında" qanunlara dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi daxil edilib.

Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Məhəmməd İmanov bildirib ki, dəyişikliklər indiyədək yaranan poblemlərin həllinə xidmət edir: "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun 2004-ci ildə qəbul edilsə də, onun fəaliyyəti 2006-cı ildə başlayıb. Dəyişikliklər həmin müddətdə əldə edilən sənədlərin həllinə xidmət edir. Bundan başqa, kollektiv bağçılıq təsərrüfatlarının qeydiyyatı asanlaşdırılacaq".

M.İmanov qeyd edib ki, keçmişdə xalq deputatları sovetlərinin mənzil alınması üçün sərəncam verdiyi vətəndaşların orderi olmadığına görə onlar evlərini özəlləşdirə bilmirlər: "Lakin bu layihənin həyata keçirilməsi ilə həmin vətəndaşların mülkiyyət hüququ ilə bağlı məsələ həll olunacaq".

DƏDRX başçısı əlavə edib ki, 2009-cu ildə Mülki Məcəllənin qəbuluna qədər olan sərəncamlar istisna olmaqla ,vətəndaşlara verilən sərəncamlar orderi əvəz edəcək.

Komitənin iclasında iştirak edən millət vəkili Vahid Əhmədov mənzillərin qeydiyyatında "vahid pəncərə" sisteminin tətbiqini təklif edib: "Bir arayış deyirik, gedəndə bir neçə arayış olur. Ona görə, təklif edirəm ki, mənzillərin qeydiyyatında vahid pəncərə sistemi yaradılsın".

Deputat Əli Məsimli isə 12 metrdən aşağı yaşayış evlərinin tikintisi üçün vətəndaşın yalnız müvafiq icra orqanlarını məlumatlandırması deyilsə də, hazırda bu qanunvericiliyə əməl edilmədiyini bildirib.

Komitə sədri Ziyad Səmədzadə isə "Reklam haqqında" qanun layihəsinin Milli Məclisin fevralın 2-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacağını deyib. Onun sözlərinə görə, bu qanunun qəbul olunması reklam sahəsində problemlərin həllinə kömək edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi