Azərbaycanda ünvanlar binaların hər bir girişinə ayrıca verilir

Azərbaycanda ünvanlar binaların hər bir girişinə ayrıca verilir Yeni sistem ünvan axtarışı üçün vaxtı minimuma endirməyə imkan verir
İnfrastruktur
13 İyun , 2016 11:21
Azərbaycanda ünvanlar binaların hər bir girişinə ayrıca verilir

Bakı. 13 iyun. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanda beynəlxalq standartlara uyğun yeni ünvan sisteminin qurulması davam etdirilir. Bu, həm əhali, həm də dövlət və özəl qurumların faydalana biləcəyi bir sistemdir.

Komitədən "Report"a verilən məlumata görə, ünvan məsələsi vətəndaşların, biznes qurumlarının, eləcə də dövlət orqanlarının gündəlik işində mühüm məsələlərdən biridir. Digər tərəfdən, şəhər, qəsəbə və kəndlərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, əhalinin urbanizasiyası mükəmməl ünvan sisteminin olması zərurətini artırır. Bütün bunlar nəzərə alınaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qısa müddət ərzində İKT-nin tətbiqi ilə Ünvan Reyestri İnformasiya Sistemi yaradılıb. Bu sistem daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, saxlanılması, ləğv edilməsi və digər fəaliyyətləri təmin edir. Sistemdə bütün daşınmaz əmlaklarla bağlı ünvan məlumatları, eləcə də küçə və prospektlər ilə bağlı digər məlumatlar rəqəmsal şəkildə toplanır.

Qeyd edək ki, ölkənin ünvan tarixində ilk dəfə olaraq respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanıb, ünvanların elektron idarə edilməsinə nail olunub. Ünvan xəritəsindən çıxarış, obyektlərə ünvan verilməsi işi elektronlaşıb. Həmçinin, ünvan axtarışında naviqasiya sisteminin tətbiqi üçün imkan yaradılıb.

"Yeni ünvanvermə qaydalarına əsasən, “giriş ünvanı konsepsiyası” tətbiq olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu, beynəlxalq standarta cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir. Ünvan işi elə qurulur ki, onun məlumatları yaşından, intellektual səviyyəsindən, peşəsindən və s. asılı olmayaraq, bütün insanlar üçün rahat, istifadə edilə bilən, dəqiq və aydın olsun. Başqa sözlə, ünvan məlumatları onu axtaran vətəndaşa, hüquqi şəxsə, qurumlara (təcili yardım, yanğınsöndürmə, polis və s.) ünvan obyektinə tez, ən qısa yolla, vaxt itirmədən və rahat çatmasını təmin edir", - deyə Komitənin məlumatında bildirilib.

Hazırda Ünvan Reyestri İnformasiya Sistemində ölkənin 6 şəhəri, 50 rayonu üzrə 6 705 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə yeni qaydalara uyğun təyin edilmiş 603 126 giriş ünvanı, 335 037 ədəd daxili ünvan məlumatları mövcuddur. Komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 45 rayonun 1 259 kənd yaşayış məntəqələri üzrə 13 527 adsız küçə formalaşdırılıb. Yaxın aylar ərzində onların adlandırılması ilə bağlı müvafiq müraciətlər ediləcək. Ünvan məlumatlarının axtarışı sistemi də sadələşdirilib. Ünvanlar haqqında istənilən an çevik və müfəssəl məlumat əldə etmək olar. Ünvan Reyestri İnformasiya Sistemi digər məlumat bazaları, axtarış-informasiya sistemləri, əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestr bazaları ilə inteqrasiya edilib. 

Son xəbərlər

Orphus sistemi