Yuxarı

​Azərbaycanda torpaqların mühafizə zonaları ilə bağlı tələblərə riayət olunmasına nəzarəti gücləndirilib

Dövlət Komitəsi: Bəzi hallarda vətəndaşlar qanunvericiliyi bilərəkdən pozur, bəzən isə məlumatsız olurlar

Bakı. 18 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi yeni əsasnaməsinə uyğun olaraq Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi olaraq mütəmadi qaydada Bakı şəhərində və ətraf ərazilərdə monitorinq və müşahidələr aparır, aşkar edilən qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirir.

“Report” Komitəyə istinadən bildirir ki, həyata keçirilən monitorinqlərin nəticəsi göstərir ki, bu sahədə ən çox rast gəlinən problemlər torpaqlardan təyinatı üzrə olmayan istifadə, özbaşına tikililər, eləcə də mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsidir. Bəzi hallarda vətəndaşlar qanunvericiliyi bilərəkdən pozurlar, bəzən isə insanlar mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar.

Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə mühafizə zonaları müəyyən edilib. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin və ixrac boru kəmərlərinin ətrafında yaradılır.

Məlumatda qeyd olunub ki, mühafizə zonaları ilə bağlı qanunvericiliyin müəyyən etdiyi tələblərə müvafiq qurumlar, fiziki və hüquqi şəxslərin riayət etməsi vacibdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarları dəmir yolunun mühafizəsi və tökmə yatağı, avtomobil yolu mühafizəsi və yol yatağının hündürlüyü, elektrik şəbəkəsinin mühafizəsi və bunlar kimi bir sıra tələblər müəyyən olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi