Azərbaycanda suvarma ilə əlaqədar yeni layihələrin icrasına başlanılıb

Azərbaycanda suvarma ilə əlaqədar yeni layihələrin icrasına başlanılıb ​Bu il 1,4 mln. hektar sahədə kənd təsərrüfatı bitkiləri suvarılacaq
İnfrastruktur
3 İyun , 2017 14:00
Azərbaycanda suvarma ilə əlaqədar yeni layihələrin icrasına başlanılıb

Bakı. 3 iyun. REPORT.AZ/ “Meliorasiya və Su Təsərrüfatı” ASC Azərbaycanda suvarma ilə əlaqədar yeni layihələrin icrasına başlayıb.

“Report”un məlumatına görə, bu barədə qurumun İdarə Heyətinin sədri Əhməd Əhmədzadə məlumat verib.

Onun sözlərinə görə, bu il Taxtakörpü su anbarı zonasında 2017-ci ildə meliorativ tədbirləri davam etdirməklə Xızı, Siyəzən və Şabran rayonlarında 20 728 hektar, o cümlədən 9759 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması və 10969 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin edilməs nəzərdə tutulub: “Bundan Xızı rayonunda 4 843 hektar (ondan 3 575 hektar yeni suvarılan torpaqlar), Siyəzən rayonunda 6 630 hektar (ondan 2 205 hektar yeni suvarılan torpaqlar) və Şabran rayonunda 9 255 hektar (ondan 5 189 hektar yeni suvarılan torpaqlar) suvarma suyu ilə təmin ediləcək”.

“Eyni zamanda, Neftçala rayonunda 5 605 hektar (ondan 4605 hektar yeni suvarılan) və Ağcabədi rayonunda 2 700 hektar yeni suvarılan torpaqlara suvarma suyu çatdırılacaq. Araz çayının Yeni qolunun Baş suqəbuledici qurğusundan və inşa olunmuş hissəsindən istifadə etməklə 54 km torpaq məcrada magistral kanalın tikintisi nəticəsində 39 493 hektar, o cümlədən Saatlı rayonunda 24 325 hektar, İmişli rayonunda 5 812 hektar və Biləsuvar rayonunda 9 356 hektar torpaq sahəsi su mənbəyi ilə təmin ediləcək. Şəmkir maşın kanalında suburaxıcı qurğunun, təzyiqli boru kəmərinin və su hovuzunun tikintisi ilə Samux və Goranboy rayonlarında yaradılacaq Aqroparkın 4 695 hektar sahəsinə suvarma suyunun çatdırılması, Kür çayı üzərində yeni inşa olunmuş nasos stansiyasında işlərin tamamlanması, “H” kanalının 3,5 km-lik hissəsinin yenidən qurulması və tikintisi nəticəsində Sabirabad rayonunun 2 min hektara yaxın əkin sahəsinin su təminatının yaxşılaşdırılması mümkün olacaq” – deyə sədr bildirib.

Ə.Əhmədzadənin sözlərinə görə, rayon icra hakimiyyətlərinin təklifləri əsasında rəhbərlik etdiyi qurumun “Azdövsutəslayihə” institutu tərəfindən Ağdaş (15,8 min hektar), Salyan (5 min hektar), Kürdəmir (10,65 min hektar), Hacıqabul (4,8 min hektar), İmişli (3 min hektar), Neftçala (8 min hektar) və Samux (2 min hektar) rayonlarının ümumilikdə 49,25 hektar sahələrinə suvarma suyunun çatdırılması üçün müvafiq meliorasiya tədbirlərinin aparılması üzrə layihə-smeta sənədləri hazırlanaraq rayon icra hakimiyyətlərinə təhvil verilib.

“Cari ildə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil keçirilməsi və respublikanın çaylarında baş verə biləcək sel və daşqın sularının maneəsiz axıdılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Cəmiyyət tərəfindən magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilib, bütün istismar təşkilatlarında gecə-gündüz növbətçiliyi yaradılıb. Vegetasiya suvarmasının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə Cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilib, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülüb. Hazırda respublikanın su anbarlarında 15,5 mlrd. kubmetr su yığılıb ki, bu da kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasına şərait yaradacaq. Sudan istifadə planına əsasən, 2017-ci ildə ümumilikdə 1,416 mln. hektar sahədə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarılması nəzərdə tutulub. 1 iyun 2017-ci il tarixə 546 min hektar sahədə taxıl orta hesabla 2,3 dəfə suvarılıb”, - deyə o, qeyd edib.

Bundan başqa, “Meliorasiya və Su Təsərrüfatı”nın rəhbəri bildirib ki, suvarma mövsümünə hazırlıqla əlaqədar Cəmiyyətin yerli istismar idarələri 1 057 hidrotexniki qurğunu, 193 hidropostu, 37 nasosu, 31 elektrik və dizel mühərrikini, 950 subartezian nasosunu təmir edib, suvarma və kollektor-drenaj şəbəkələrində 10,2 mln. kubmetr həcmində lildən-təmizləmə işləri aparıb. Çay məcralarında 2,6 mln. kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, 168,8 kubmetr şax-daş və faşın bəndlər quraşdırılıb, daş-beton bəndlərdə 3,4 min kubmetr həcmində təmir işləri görülüb.

“Əkin sahələrinin su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə aparılan təmir və bərpa işləri əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasına şərait yaradacaq. Bütün bu tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə imkan verəcək”, - deyə Ə.Əhmədzadə fikrini tamamlayıb. 

Son xəbərlər

Orphus sistemi