Azərbaycanda "Mini" avtomobil brendinin ilk salonu açılıb

Azərbaycanda "Mini" avtomobil brendinin ilk salonu açılıb "Mini" avtomobillərinin satış qiyməti 25 min manatdan başlayır
İnfrastruktur
13 Mart , 2015 16:56
Azərbaycanda Mini avtomobil brendinin ilk salonu açılıb

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün "BMW AG" konserninin "Mini" avtomobillərinin Azərbaycanda ilk rəsmi satış və sərgi salonunun açılışı olub. Bakının mərkəzində yerləşən yeni mərkəz "Mini" brendinin ölkədəki rəsmi idxalçısı olan "Improtex Motors" şirkətinin rəhbərliyi altında fəaliyyət göstərəcək. Avtosalonun açılış mərasimində yeni "Mini Cooper" və yenilənmiş "Mini Countryman" avtomobillərinin təqdimatı keçirilib.

"Report"un verdiyi xəbərə görə, sahəsi 300 kv. metr olan "Mini Bakı" satış-sərgi salonu 5 avtomobil tutumuna malikdir. Salonun bir güşəsi isə “Mini Life Style” mağazası üçün ayrılıb.

Avtosalonun açılış mərasimində BMW və “Mini” brendlərinin Afrika, Karib adaları və Şərqi Avropa regionlarında satış üzrə direktoru Konrad Baumqartner, həmin regionlar üzrə menecer Viktor Eyzenbraun, “Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov, baş direktorun birinci müavini Bayram Yaqubov iştirak ediblər.

Avtomobillərin baza qiyməti (vergi rüsumları və s. daxil olmaqla) 25 min manatdan başlayır. Mart-aprel aylarında avtosalonda avtomobillərin xüsusi paketlərlə satışı gerçəkləşdiriləcək, “Chili” adlanan təklif paketləri, xüsusi opsiyalarla satılacaq. Paketə daxil olan ayrı-ayrı opsiyaları kompleks şəklində alan müştəri büdcəsinə 2 min manata qədər qənaət etmiş olacaq. B.Yaqubov bildirib ki, qənaətdən yararlana bilmələri üçün alıcılara ən bahalı paket, yəni “Chili” təklif ediləcək. Bu paketdə avtomobilin interyeri daha çox idman üslubunda dizayn olunub.

Zəmanət Avropa ölkələrində olduğu kimi 2 illik veriləcək, alıcının istəyindən asılı olaraq həm zəmanət şərtləri, həm də texniki xidmət 5 ilə qədər uzadıla bilər. Servis xidmətləri isə "Improtex Motors"un servis mərkəzində göstərilir, modellərin hər birinin təmiri üçün lazım olan avadanlıqlar həmin mərkəzlərdə mövcuddur.

Qeyd edək ki, bu brendin ilk avtosalonu olsa da, premium sinfinə malik “Mini” avtomobilləri 4 ildir ölkəyə gətirilir. Bu illər ərzində brendin Azərbaycanda 3-5 avtomobili satılıb. Azərbaycanda ən populyar modellər “Mini Cooper”, 192 at gücündə “Mini Cooper S” modelləridir. Açılışda təqdim olunan “Mini” avtomobili 1,5 litr həcmində mühərriklə təchiz olunub, 136 at gücünə malikdir və 100 km sürəti 7,8 saniyəyə yığır. Gələcəkdə daha güclü mühərrikə malik olan modelər də idxal olunacaq.

Bildirək ki, yeni “Mini Cooper”in debütü 2014-cü ilin sentyabrında baş tutub və avtomobil öz sinfində “2014-cü ilin ən cazibədar avtomobili” adına layiq görülüb. Bu model daha manevrli olmaqla yanacağın effektiv istifadəsi baxımından qabaqcıl texnologiya ilə təchiz olunub.

Yenilənmiş “Mini Countryman” krossoveri 2010-cu ildə dünya bazarına təqdim olunub. Model həm şəhər mühitinə, həm də yolsuzluq şəraitinə uyğundur. 

Son xəbərlər

Orphus sistemi