Yuxarı

​Azərbaycanda mənzil fondunun ümumi sahəsi 170 mln. kv. metrə çatıb

Bunun 6%-i dövlət, 94%-i isə qeyri-dövlət mülkiyyətinə aiddir

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Bakıda "Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) fəaliyyətinin təşkili: problemlər və prespektivlər" mövzusunda dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, dəyirmi masada çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyi mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımovun sözlərinə görə, ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, mənzil-kommunal sektorunda da islahatlar aparılır. Bildirilib ki, əhalinin mənzil tələbatının ödənilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində son 20 ildə mənzil fondunun ümumi sahəsi 62% artaraq 169 mln. kv. metrə çatıb: "Bunun 6%-i dövlət, 94%-i isə qeyri-dövlət mülkiyyətinə aiddir. Mənzil fondunun 93%-i və ya 157,0 mln. kv. metri əhalinin şəxsi mülkiyyətindədir. Fondun 53,3%-i şəhər, 46,7%-i kənd mənzil fonduna aiddir".

N.Qasımov bildirib ki, orta hesabla bir sakinə düşən ümumi yaşayış sahəsi 18 kv. metr təşkil edir: "Bu göstəriciyə görə ölkəmiz MDB ölkələri arasında ön sıralardadır. Hər il dövlət büdcəsindən təkcə zərərin ödənilməsi və təmir işləri üçün təqribən 25-28 mln. manat ayrılır".

Şöbə müdiri qeyd edib ki, hazırda mənzil-kommunal sahəsində Avropa İttifaqının yardımı ilə "Mənzil-kommunal sahəsində islahatlara dəstək Layihəsi" icra olunur: "Dünya Bankı ilə birlikdə həyata keçirilən mənzil fondunun diaqnostikası layihəsi isə artıq tamamlanmaq üzrədir. Artıq 17 MMC dövlət qeydiyyatından keçib, bir neçə kondominium üzrə işlər davam etdirilir".

Daha sonra dəyirmi masada mövzu ilə bağlı müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi