Yuxarı

Azərbaycanda keçirilən açıq özəlləşdirmə hərracında 2 pambıq zavodu satılıb

Hərracı Əmlak Məsələləri Dövlət Komitəsi keçirib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi geniş ictimaiyyətin və medianın iştirakı ilə ikinci açıq özəlləşdirmə hərracı keçirib. “Report” xəbər verir ki, açıq hərracda bütün yerli və xarici investorlara, potensial alıcılara məhdudiyyətsiz iştirak imkanı yaradılıb. 

Bu dəfəki hərracda ümumilikdə 24 dövlət əmlakı satılıb. Bu hərracın nəticələrinə görə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1,1 mln. manat vəsait büdcəyə köçürüləcək. Hərracda 6 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 14 kiçik dövlət müəssisə və obyekti, 4 nəqliyyat vasitəsi özəlləşdirilib.

İnvestorların pambıq müəssisələrinə marağı artırıb və 2 pambıq zavodunun səhmləri satılıb. 

Qeyd edək ki, pambıqçılıq sahəsinə aid müəssisələrin özəlləşdirilməsinə Prezident İlham Əliyevin pambıqçılığın inkişafı məsələləri üzrə Sabirabad rayonunda keçirdiyi müşavirədən sonra aktuallaşıb. Belə müəssisələrin özəlləşdirilməsi və investisiya qoyuluşu onların profil üzrə tam gücü ilə işləməsinə yol açır və ölkədə pambıqçılığın inkişafına dəstək verir. Digər səhmdar cəmiyyətləri isə quşçuluq, toxuculuq, tikinti, nəqliyyat və təmir sahəsinə aid olub. Bu müəssisələr Ağstafa, Ağcabədi, Yevlax, Ucar və digər regionlarda yerləşir.

Özəlləşdirilmiş 14 kiçik dövlət müəssisə və obyektlərinin 10-u Bakıda, 4-ü isə respublikanın digər şəhər və rayonlarında (Sumqayıt, Abşeron, Ağdaş və Şəki) yerləşən obyektlərdir. Kiçik dövlət əmlaklarının 11-i ticarət sahəsinə, 1-i ictimai iaşə, 2-si isə xidmət sahəsinə aid olub.

Qeyd edək ki, 14 və 20 sentyabrda keçirilmiş hər iki açıq hərrac üzrə bütövlükdə 60 dövlət əmlakı özəlləşdirilib. Ümumilikdə isə hər iki hərracın nəticələrinə əsasən 2,9 mln. vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək.

Növbəti belə hərrac sentyabrın 27-də keçiriləcək və 52 dövlət əmlakı satışa çıxarılacaq.

Qeyd edək ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşmə portalında əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi