Azərbaycanda ixtiraçılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycanda ixtiraçılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb Qaliblər diplom və pul mükafatı ilə təltif edilib
İnfrastruktur
5 May , 2016 13:30
Azərbaycanda ixtiraçılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı. 5 may. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu gün Bakıda İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimdə çıxış edən Dövlət Komitəsinin sədri Ramiz Həsənov ixtiraçılıq sahəsində müsabiqənin keçirilməsi təşəbbüsünün heç də təsadüfi yaranmadığını, ölkədə müasir dövrün tələblərinə uyğun olaraq intellektual, elmi potensial yaratmağın və bu istiqamətdə davamlı inkişafı təmin etməyin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib: “Sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Müasir elmin sənayedə tətbiqi, müxtəlif sənaye mülkiyyəti obyektlərinin, ixtiraların praktiki istifadə mexanizmləri, patentlərin istifadəsi hesabına ixtiraçıların sosial vəziyyətlərinin yaxşılaşdırılması, bu sahədə stimullaşdırma tədbirlərinin gücləndirilməsi ilə bağlı layihələr çox vacibdir. Bunun həm də ixrac qabiliyyətli məhsulların çeşidinin artırılmasına, ölkəyə valyuta axınının yüksəlməsinə və ümumilikdə elm tutumlu sənaye məhsulları hesabına qeyri-neft sektorunun davamlı inkişafına zəmanət verəcək”.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, istifadəyə təklif olunması məqsədilə keçirilən bu müsabiqənin rolunu yüksək qiymətləndirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda qeyri-neft sektorunun inkişafında əqli mülkiyyətin rolunu, bu sektorun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kursun müasir təcrübəyə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edəcəyini bildirib.

Sonra qaliblərin mükafatlandırılması olub.

Müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan 48 ixtira patenti təqdim edilib. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Mühəndislik Akademiyası, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib.

Müsabiqənin nəticələrinə əsasən, “Uçuşmüddətli kütlə spektrometri”, “Günəş suqızdırıcı qurğusu” ixtiraları həvəsləndirici mükafata, “Deemulqator-korroziya inhibitoru”, “4-Fenil-o-ftalodinitrilin alınma üsulu”, “Element kükürdün həll edilmə üsulu”, “Həmcins olmayan kollektorlara malik layın neftveriminin artırılması üsulu” ixtiraları III yerə, “Gəmi dizelləri üçün motor yağı”, “Elektriklə qızdırılan istilik mübadiləedicisi”, “Погружной электродвигатель” ixtiraları II yerə, Bakı Dövlət Universitetinin “Məsaməli maqnit sorbenti” ixtirası və Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsinin “Tırtıl zənciri qovşağının qazlaşdırılan modellər üzrə tökülməsi üsulu” ixtirası I yerə layiq görülüb.

Qaliblər diplom və pul mükafatı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi