​Azərbaycanda ilk dəfə yolun yararlılıq müddətinin uzadılmasına qərar verilib - VİDEO

​Azərbaycanda ilk dəfə yolun yararlılıq müddətinin uzadılmasına qərar verilib - VİDEO Bu əməliyyat aparılacaq ərazilərdə yol qismən bağlanacaq
İnfrastruktur
2 Oktyabr , 2015 13:42
​Azərbaycanda ilk dəfə yolun yararlılıq müddətinin uzadılmasına qərar verilib - VİDEO

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Azəryolservis” ASC tərəfindən asfalt-beton örtüyünün istismar müddətinin uzadılması məqsədilə yenilik edilərək yolun hərəkət hissəsinə xüsusi maddənin çəkilməsinə başlanılıb. Bu işlərə Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsi istiqamətində doğru start verilib.

Cəmiyyətin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, ilkin mərhələdə 800 min kv. metr sahənin, təqribən yolun Qobustan qəsəbəsinə qədər olan 60-65 km-lik hissəsinin asfalt-beton örtüyünün üzərinə 3-4 mm qalınlığında “E-Krete polimer kompozit” adlı maddənin çəkilməsi planlaşdırılır. Bu səbəbdən də Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsinə qədər olan ərazidə işlər bitənə qədər hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Asfalt örtüyündə müxtəlif səbəblərdən əmələ gələn xırda çatlar avtomobil yollarının ömrünü qısaldır və bir müddətdən sonra dağılmasına səbəb olur. Dünyanın bir sıra dövlətlərində bitumla emal olmuş örtüklərin vaxtından əvvəl köhnələrək (oksidləşərək) çatlamasının qarşısını almaq yolları araşdırılır. Bu sahədə ABŞ-ın “Polycon” şirkəti tərəfindən “E-Krete” adlanan maddə istehsal edilib. Maddənin tərkibi şirkət tərəfindən gizli saxlanılır. Təqribi olaraq maddənin tərkibində sement, qum, kiçik ölçüdə qırmadaş və xüsusi maddə var", - deyə xəbərdə bildirilir.

“E-Krete” maddəsi vurulmamışdan öncə yolun səthi hava kompressoru ilə tam təmizlənir. Əgər yolun səthində hər hansı yağ, benzin və digər yağ əsaslı ləkələr varsa yuyulub təmizlənir. Havanın temperaturu +15C-dən yuxarı, +40C-dən aşağı, həmçinin yolun səthi tam quru olduqda “E-Krete” maddəsi xüsusi maşınla asfalt səthinin üzərinə yayılır, hamarlanır və nəqliyyat vasitələrinin tormozlanma zamanı sürüşməsınin qarşısını almaq üçün xüsusi quraşdırılmış fırça ilə səthin üzərində kələ-kötürlük əldə edilir. Hazır səth təqribən 4-5 saat ərzində hərəkətə açıla bilər.

İstehsalçının dediyinə görə, üzərinə “E-krete” yayılmış asfalt örtüyü ən azı 5-10 il ərzində heç bir istismar qulluğu tələb etmir. Asfalt beton örtüyündə oksidləşmədən əmələ gəlmiş çatları bağlayır və səthin üzərinə çıxmasının qarşısını alır, şaxtaya və istiyə davamlıdır. “E-krete”ə müxtəlif rəngləyici maddə qatılaraq praktiki olaraq hər rəngdə əldə oluna bilər. Bu səbəbdən də onunla hərəkət zolaqlarına təyinatı üzrə müxtəlif rənglər vermək, səthin üzərinə istənilən işarələr qeyd etmək və hətta yol işarələmə işlərini yerinə yetirmək olar. Bu materialdan indiyə qədər ABŞ, Kanada, Sinqapur və sair dövlətlərdə istifadə olunub.

Son xəbərlər

Orphus sistemi