Yuxarı

Azərbaycanda ilk dəfə yeni yoldəyişən qurğu quraşdırılıb

Həmin yoldəyişən bu gün Heybət stansiyasında quraşdırılıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi olaraq Bakı-Böyük Kəsik istiqamətində 600 km-lik yol əsaslı təmir olunur. Eyni zamanda, yeni yoldəyişənlərin quraşdırılmasına başlanılıb. Bu, "Report"a “Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumatda bildirilib.

Qeyd edilir ki, son vaxtlar “Azərbaycan Dəmir Yolları" QSC-nin Səngəçal istehsalat bazası yenidən qurulur. Əsas yeniliklərdən biri Səngəçal istehsalat bazasının ərazisində yoldəyşən qurğuların yığılması üçün yeni meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir.

Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. Bu, Azərbaycan dəmir yolunun tarixində ilk dəfədir. Artıq yeni meydançada ilk yoldəyişən yığılib. Həmin yoldəyişən bu gün Heybət stansiyasında quraşdırılıb. İşi "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi"  MMC-nin kollektivi həyata keçirib.

Qeyd edək ki, köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılırdı və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi. Yeni layihədə daha üstün və fərqli bir üsula əl atıldı. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatının mahiyyətində uzunömürlülük baxmından dəyişmələrə səbəb olacaq.

Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstan Respublikasından gətirilir.

Xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzil başına daşımaq üşün Rusiya Federasiyasından yeni quruluşlu platforma vaqonlar alınaraq Səngəçal istehsalat bazasına gətirilib. Qurğunun qoyulması və sökülməsində istifadə ediləcək UKS tipli yeni kranın isə yaxın günlərdə gətiriləcəyi reallaşacaq.

Yaxın bir il ərzində dəmir yolunun müxtəlif mənzillərində 100 ədəd belə yoldəyişənin quraşdırılması nəzərdə tutulur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi