Yuxarı

Azərbaycanda gömrük yığımlarının məbləği təsdiqlənib - SİYAHI

Yük və minik avtomobilləri və avtobuslar üçün 20 manat gömrük yığımı nəzərdə tutulur

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ni təsdiq edib

“Report”un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu, gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən edir.

Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir.

1.3. Gömrük yığımlarına gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları, malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları, gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına görə gömrük yığımları, malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımları, gömrük müşayiətinə görə gömrük yığımları, malların saxlancına görə gömrük yığımları, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə gömrük yığımları, bankların və bank olmayan kredit təşkilatlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımları aiddir.

Mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və ya iş yerindən kənarda həyata keçirildikdə gömrük yığımları ikiqat məbləğdə alınır.

Malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi (tranzit xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərə, həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda həmin malların rəsmiləşdirilməsinə və yük (karqo) manifesti vasitəsilə Azərbaycan Respublikasının ərazisində hava gəmilərinin konstruksiyası ilə müəyyən edilmiş tutumlarına doldurulan və heyət üzvlərinin, xidmətedici heyətin, sərnişinlərin istifadəsi və hava gəmisinin istismarı üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:

1. gömrük dəyəri 1 000 manata qədər olduqda 10 manat,

2. gömrük dəyəri 1 001 manatdan 10 000 manata qədər olduqda 50 manat,

3. gömrük dəyəri 10 001 manatdan 100 000 manata qədər olduqda 100 manat,

4. gömrük dəyəri 100 001 manatdan yuxarı olduqda isə 275 manat.

Azərbaycanın gömrük sərhədindən tranzit xüsusi gömrük proseduru altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır.

Hasilatın pay bölgüsü haqqında sazişlərin icrası ilə bağlı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, o cümlədən mənfəət karbohidrogenlərinin gömrük rəsmiləşdirilməsinə görə bu sazişlərin müvafiq müddəaları ilə müəyyən edilmiş məbləğdə gömrük yığımları alınır.

Malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı nəzərdə tutulur

Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda təqdim edilən sadələşdirilmiş bəyannamələrin rəsmiləşdirilməsi üçün 10 manat məbləğində gömrük yığımı tələb olunur.

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, o cümlədən müvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:

1. yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün - 20 manat,

2. digər avtonəqliyyat vasitələri üçün - 15 manat.

Elektrik enerjisinin qarşılıqlı ötürülməsi hallarında, qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı və qrant müqaviləsi (qərarı) əsasında qrantlar hesabına malların xaricə ixracı hallarında, humanitar və texniki yardım məqsədi ilə gömrük sərhədindən keçirilən malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır.

Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının hesablanması bəyannamənin və ya gömrük rəsmiləşdirilməsinə əsas verən müvafiq sənədin gömrük orqanına təqdim edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.

Rəsmiləşdirilməyə görə gömrük yığımlarının ödənilməsi bəyannamə və ya gömrük rəsmiləşdirilməsinə əsas verən müvafiq sənəd təsdiq (qəbul) edilənədək və ya təsdiqi (qəbulu) ilə eyni vaxtda həyata keçirilir.

Malların kimyəvi tərkibinin ekspertizası üçün 50, malların texniki göstəricilərinin ekspertizası üçün 30, malların mineraloji tərkibinin ekspertizası üçün 50 manat gömrük yığımları alınır.

Bundan başqa, malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına (XİFMN) uyğun aidiyyətinin, təsnifat kodunun ekspertizası üçün 20, malların eyniləşdirilməsinin ekspertizası üçün 50 manat gömrük yığımı tələb olunur

Malların mənşə sənədlərinin həqiqiliyinin yoxlanılması üçün 30, emal prosesində malların hasilat və ya orta hasilat normalarının müəyyən edilməsi üçün 80, nəqliyyat vasitələrinin ekspertizası üçün 30, istehlak məhsullarının ekspertizası üçün 30, mikrobioloji ekspertiza (hər bir parametr üzrə) üçün 15, spirtin və spirtli içkilərin xromatoqrafik ekspertizası üçün 80, yağların xromatoqrafik ekspertizası üçün 100, mikotoksinlərin ekspertizası üçün 110, yeyinti məhsullarında və suda pestisidlərin ekspertizası üçün 125, ekspress-rentgenspektral ekspertiza üçün 30, rentgenspektral ekspertiza üçün 70, rentgen difraktometrik analiz üçün 50, nitrat və nitritlərin ekspertizası üçün 30, ağır metalların ekspertizası (hər parametr üzrə) üçün 10, yeyinti məhsullarında və suda ion-xromatoqrafiya ekspertizası (hər bir parametr üzrə) üçün 10, məhsullarda genetik modifikasiya olunmuş orqanizmlərin ekspertizası üçün 150, yeyinti məhsullarında baytarlıq preparatlarının miqdarının müəyyən edilməsinə dair ekspertiza üçün 100, yeyinti məhsullarında antibiotiklərin ekspertizası üçün 50, yeyinti məhsullarında histaminin ekspertizası üçün 50, yeyinti məhsullarında qida əlavələrinin (konservantların, boyaq maddələrinin və s.) ekspertizası (hər bir parametr üzrə) üçün 30, fiziki-kimyəvi ekspertiza (bir parametr üzrə) üçün 10, orqanoleptik ekspertiza üçün 10, dərman vasitələrinin və bioloji fəal qida əlavələrinin və onların substansiyalarının ekspertizası (hər bir parametr üzrə) üçün 30, malların tərkibində güclü təsirli, zəhərli, narkotik, psixotrop maddələrin və onların prekursorlarının müəyyən edilməsi üzrə ekspertiza üçün 100, neft və neft məhsullarının ekspertizası üçün 100 manat gömrük yığımının alınması nəzərdə tutulur.

Qərara əsasən, ixrac nəzarəti məqsədi ilə malların ikili, hərbi və ya mülki təyinatının müəyyən edilməsi üzrə ekspertiza üçün 50, mülki dövriyyəsi məhdudlaşdırılmış və qadağan edilmiş malların müəyyən edilməsi üzrə ekspertiza üçün 50, kimyəvi silahlar və onların hazırlanmasında istifadə olunan kimyəvi maddələrin müəyyən edilməsinə dair ekspertiza üçün 70, sənətşünaslıq ekspertizası üçün 50, təhlükəli tullantıların müəyyən edilməsi üzrə ekspertiza üçün 50, ozondağıdıcı malların müəyyən edilməsi üzrə ekspertiza üçün 30, radioloji ekspertiza (hər bir parametr üzrə) üçün 50, malların gömrük dəyərinin müəyyən edilməsi üçün isə 50 manat dəyərində gömrük yığımı alınacaq.

XİFMN-ə uyğun olaraq, aidiyyətinin və təsnifat kodunun ekspertizasına görə gömrük yığımları hər bir təsnifat kodu üzrə, emal prosesində hasilat normalarının müəyyən edilməsi üçün gömrük yığımları hər bir müraciət üzrə, digər ekspertiza məqsədləri üçün isə gömrük yığımları hər bir mal üzrə ayrılıqda tətbiq edilir.

Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının hesablanması ekspertizanın aparılması məqsədi ilə müraciət edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.

Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımları ekspertizanınaparılmasıməqsədi ilə müraciət edildiyi zaman ödənilir.

Malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımlarının hesablanması məhvetmənin baş verdiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.

Malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımları malların gömrük nəzarəti altında məhv edilməsinə dair akt təsdiq edilənədək və ya onun təsdiqi ilə eyni vaxtda ödənilir.

Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən hər avtonəqliyyat vasitəsinin və ya vahid qatarın və ya dəniz, çay gəmisinin və ya hava gəmisinin fiziki olaraq gömrük müşayiətinin aparılmasına görə - 100 manat, stasionar GPS qurğusu olmayan nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS qurğuları) quraşdırılaraq, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə (hər 24 saat üçün) - 5 manat gömrük yığımı tutulur.

Xüsusi saxlanc şəraitini tələb etməyən hər 100 kiloqram (brutto çəki) malların 24 saat ərzində saxlanılmasına görə - 0,2 manat, xüsusi saxlanc şəraitini tələb edən hər 100 kiloqram (brutto çəki) malların xüsusi avadanlıqla təchiz edilmiş anbarlarda 24 saat ərzində saxlanılmasına görə - 0,5 manat nəzərdə tutulub.

Malların saxlancına görə gömrük yığımları hesablanarkən, çəkisi 100 kiloqramdan az olan mallar 100 kiloqrama, 24 saatdan az müddət isə tam 24 saata bərabər tutulur.

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə - 100 manat, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə verilmiş ixtisas attestatlarının fəaliyyətinin bərpa edilməsinə görə - 150 manat, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının dublikatının verilməsinə görə - 30 manat alınacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi