Azərbaycanda gəmilərin səfərlərarası təmirdə vaxt itkisi aradan qaldırılacaq

Azərbaycanda gəmilərin səfərlərarası təmirdə vaxt itkisi aradan qaldırılacaq “Bibiheybət” Gəmi Təmiri Zavodunda üzən emalatxananın təmiri yekunlaşmaq üzrədir
İnfrastruktur
30 Yanvar , 2017 19:22
Azərbaycanda gəmilərin səfərlərarası təmirdə vaxt itkisi aradan qaldırılacaq

Bakı. 30 yanvar. REPORT.AZ/ “Bibiheybət” Gəmi Təmiri Zavodunda üzən emalatxananın təmiri tezliklə yekunlaşacaq. 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-dən "Report"a daxil olan məlumata görə, tərsanəyə qaldırılan emalatxananın sualtı və suüstü hissələri, üst tikililəri təmizlənərək rənglənib, dam örtüyü, gövdədə olan qoruyucu tirlər yenilənib, istehsalat sahələrindəki bütün dəzgahlar təmir olunub, istilik və şirin su sistemləri dəyişdirilib. 

Bundan başqa, üzən emalatxanada hər biri 17 kubmetr həcmə malik su və fekal çənlər, 20 yerlik telefon stansiyası quraşdırılır, sanitariya sistemi yenisi ilə əvəz edilir. Heyət və komanda işçilərinin yüksək keyfiyyətlə təmir edilən otaqlarında yeni mebellər quraşdırılır. Bütün sahələrdə təmizləmə və rəngləmə işləri görülür.

Təmir başa çatdıqdan sonra üzən emalatxana yedək gəmisi ilə Ələtə - yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına aparılacaq. Müasir standartlara cavab verəcək üzən emalatxanada gəmilərin təmiri ilə bağlı bütün xidmətlər göstəriləcək.

Xatırladaq ki, bu qurğu Xəzərin ən böyük yükaşırma müəssisəsinə yan alacaq gəmilərə operativ xidmət göstərməyə imkan verəcək. Bununla da, gəmilərin səfərlərarası cari təmirində vaxt itkisi aradan qaldırılacaq. Əvvəllər gəmilərin “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodlarında həyata keçirilən cari təmir işləri bundan sonra yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gerçəkləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi