Azərbaycanda fasiləsiz su təchizatının səviyyəsi 66%-ə çatıb

Azərbaycanda fasiləsiz su təchizatının səviyyəsi 66%-ə çatıb “Azərsu” ASC-də bu ilin ilk 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib
İnfrastruktur
27 Oktyabr , 2017 16:31
Azərbaycanda fasiləsiz su təchizatının səviyyəsi 66%-ə çatıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Azərsu” ASC-də bu ilin ilk 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Qurumdan “Report”a daxil olan məlumata görə, iclasda “Azərsu”nun sədri Qorxmaz Hüseynov bildirib ki, hesabat dövründə Gədəbəy şəhərində su və kanalizasiya, Saatlı şəhəri və Pirallahı qəsəbəsində isə içməli su layihələrinin açılış mərasimləri keçirilib.

Onun sözlərinə görə, Xırdalan şəhərində su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına, Gəncə və Şəki şəhərlərində layihənin növbəti mərhələsi üzrə işlərə, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb. Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 22 rayonun 170 yaşayış məntəqəsində layihələrin icrasına başlanılıb və 100-dən artıq kənddə işlər yekunlaşıb. Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan ərazilərində səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrasına başlanılıb və bu sahədə işlər yekunlaşmaq üzrədir.

Sədr qeyd edib ki, hesabat dövründə Prezident İlham Əliyevin Mingəçevir, Salyan, Biləsuvar, Qax şəhərlərində, Binəqədi, Mehdiabad, Novxanı, Binə, Mərdəkan, Şağan, Şüvəlan, 28 May, Qobustan və Pirəküşkül qəsəbələrində, eləcə də paytaxtın “Ağ şəhər” adlanan ərazisində layihələrin icrasının davam etdirilməsi ilə bağlı sərəncamlarına uyğun olaraq işlərə başlanılıb. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Zərdab rayonunda icra olunan layihə yekunlaşıb, Hacıqabul və Şamaxı rayonlarında isə layihənin icrası tamamlanmaq üzrədir.

Onun sözlərinə görə, yanvar-sentyabr aylarında “Azərsu” istehlakçılara 191 mln. kubmetr su verib. Hesabat dövründə 800 km-dən çox içməli su və kanalizasiya xətləri tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 90 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 152 min nəfərin su təchizatı yaxşılaşdırılıb. Bununla da fasiləsiz su təchizatı səviyyəsi ölkə üzrə 66,3 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib.

Q.Hüseynov iclasa yekun vuraraq bildirib ki, ilin sonuna qədər Bakı şəhəri və Abşeron yarımadasının 10 yaşayış məntəqəsində və regionlarda 170 kənddə icra olunan layihələr yekunlaşdırılacaq. Həmçinin ilin sonuna qədər paytaxtın səth sularının yığılma təhlükəsi olan ərazilərində icra olunan layihələrin, Padarçöl ərazisində suvarma infrastrukturunun yaradılması işlərinin başa çatdırılması nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi