Azərbaycanda əsaslı təmir olunmuş dəmir yollarına yeni uzunölçülü relslər qoyulur

Azərbaycanda əsaslı təmir olunmuş dəmir yollarına yeni uzunölçülü relslər qoyulur Yeni polad materiallar 800 metr uzunluğundadırlar
İnfrastruktur
21 Fevral , 2017 10:43
Azərbaycanda əsaslı təmir olunmuş dəmir yollarına yeni uzunölçülü relslər qoyulur

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycanda əsaslı təmir olunmuş dəmir yolları 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunur. Uzunölçülü relslərin qaynaqlanması prosesini ”Dəmiryolservis” MMC-nin 24 saylı Salyan Rels-Qaynaqlama Qatarı həyata keçirir.

Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumata görə, Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmir yolu xətti bağlantısının Gürcüstan hissəsində qaynaq işlərini həyata keçirmək məqsədilə Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınaraq istismara verilib. Bu texnika həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir.

"Polad magistralboyu rahat və təhlükəsiz hərəkətin təmin olunmasında uzunölçülü relslərin tətbiq olunmasının böyük əhəmiyyəti var və bundan əldə edilən iqtisadi səmərəlilik artır. Belə ki, 25 metrlik relsləri bağlayan yanlıqlara, yanlıqların bolt və qaykalarına ehtiyac qalmır. Relslərin ucları sınmadığı üçün istismar müddəti uzanır. Vaqonların təkərlərinə və oxlarına düşən zərbələr, müqavimət olmadığı üçün enerji sərfiyyatı, ətraf mühitə vibrasiya və səs təsiri azalır. Hərəkət heyətinin sürəti artır və sərnişinlərin rahatlığı təmin olunur. Belə olan halda yola xidmət etmək asanlaşır, lokomotivlərin və vaqonların hərəkəti zamanı bəzi yeyilmə və sürtünmə halları azalır, relslərin ömrü uzanır", - deyə S.Qədirova əlavə edib.

Qeyd edək ki, müəssisədə 2016-cı ildə ümumilikdə R-65 tipli L-25 metrlik relslərdən 157,437 km uzunölçülü rels qaynaq edilib. Bundan 137,555 km müəssisədə stasionar şəraitdə mobil tipli səyyar qaynaq maşını ilə Gürcüstanda 19,88 km qaynaq olunub. Stasionar şəraitdə qaynaq olunmuş uzunölçülü relslərdən 107 km Bakı-Böyük Kəsik istiqamətinə, 8,1 km Astara stansiyasına, 22,4 km isə BTQ-nin Gürcüstan hissəsinə yola salınıb. Eyni zamanda müəssisə 2017-ci ilə də uğurla başlayıb. Yanvar ayında 24,5 km uzunölçülü rels qaynaq olunaraq dəmir yollarına qoyulmaq üçün müxtəlif mənzillərə yola salınıb.

Bundan əlavə, müəssisəyə verilmiş təzə 30 ədəd platforma vaqonlarına ötürücü qurğular hazırlanaraq quraşdırılıb. Bununla da, 2-ci 800 metrlik rels daşıyan qatarın quraşdırılması işi başa çatıb. İkinci rels daşıyan qatarın hazırlanması nəticəsində müəssisədə əmək məhsuldarlığı 2 dəfə artıb.

Xatırladaq ki, 800 metrlik uzunölçülü relslərin (pletlərin) hazırlanması prosesinə 22 fevral 2012-ci ildə start verilib, elə həmin ildə 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında yeni texnoloji xəttin tikintisinə başlanılıb, 30 yanvar 2013-cü ildə istismara verilib. 24 saylı Salyan Rels-Qaynaqlama Qatarı 1961-ci ildə yaradılıb və uzunölçülü relslərin hazırlanması təmayüllüdür. Uzun illər Cənubi Qafqazda dəmir yolu üçün strateji əhəmiyyət daşıyıb. 

Son xəbərlər

Orphus sistemi