​Azərbaycanda əsas kapitala sərmayələr azalıb

​Azərbaycanda əsas kapitala sərmayələr azalıb Əsas kapitala yönəldilən ümumi vəsaitin 74%-i tikinti-quraşdırma işlərinə sərf edilib
İnfrastruktur
14 Yanvar , 2016 12:23
​Azərbaycanda əsas kapitala sərmayələr azalıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 15 957 mln. manat vəsait yönəldilib. Bu da əvvəlki ilə nisbətən 9,42% azdır. “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əsas kapitala yönəldilən ümumi vəsaitin 73,5%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunan vəsaitin 61,9%-i məhsul istehsalı obyektləri, 31,6%-i xidmət sahələri obyektləri, 6,5%-i isə ümumi sahəsi 1 927,2 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ümumi sərmayənin 56%-ni təşkil edib.

Ötən il Bakı şəhərində 110 kVo-luq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı”, “Buzovna-2” və 35 kV-luq 11 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel”, “Bulvar Hotel” mehmanxana kompleksləri, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Sabunçu Məhkəmə Kompleksinin yeni binası, Zirə Mədəniyyət Mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü, Stend Atıcılığı Kompleksinə gedən yol, Naxçıvan Muxtar Respublikasında Sənaye Kompleksi, günəş elektrik stansiyası, Sumqayıt şəhərində Beton məmulatları və Texniki avadanlıqlar zavodları, Etilen-polietilen Zavodunda yeni qurğular quraşdırılıb.

Eyni zamanda, “Alyans Tekstil” tikiş fabriki, Abşeron rayonunda Xırdalan Metal Konstruksiyalar Zavodu, 35 kV-luq “Sarıqaya”, “Fatmayı”, “Məhəmmədi” elektrik yarımstansiyaları, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Qolf Klubu, Ağsu rayon İdman Kompleksi, Astara rayonunda Deqədi-Pəlikəş, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar, Cəlilabad rayonunda Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolu, Göyçay rayonunda “Göyçay” Su Elektrik Stansiyası, Kürdəmir rayonunda Mollakənd-Axtaçı-Öyləqulu və Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsi, Qusar rayonunda “Park Chalet Shahdag” hoteli, Siyəzən rayonunda Siyəzən-Məşrif avtomobil yolu, Şabran rayonunda “Qalaaltı Hotel and SPA” Müalicə-İstirahət Kompleksi, Şəki şəhərində Məhkəmə Kompleksinin yeni binası, Zaqatala rayonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin yeni filialı istifadəyə verilib.

Bundan əlavə, ölkədə 195 çarpayılıq 2 xəstəxana, növbədə 270 nəfəri qəbul etmək imkanına malik 7 poliklinika, 11 222 şagird yerlik 53 ümumtəhsil məktəbi, 2 182 yerlik 23 məktəbəqədər təhsil müəssisəsi, 280 yerlik 2 klub və s. obyektlər istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi