Yuxarı

Azərbaycanda əmlak qeydiyyatı iki dəfədən çox artıb

Son 5 ildə ölkədə daşınmaz əmlakın qeydiyyatı prosesi sürətləndirilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı prosesi son 5 ildə sürətləndirilib və bunun nəticəsi olaraq bu müddət ərzində ölkə ərazisində əmlak qeydiyyatının sayı əvvəlki illərə nisbətən iki dəfədən çox artıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib. 

Onun sözlərinə görə, 2009-cu ildə 90 min əmlak qeydiyyatdan keçirilmişdirsə, 2014-cü ildə bu rəqəm 205 minə yüksəlib.

R.Cəlilov deyib ki, Dövlət Komitəsi ilə Dünya Bankı arasında bağlanmış müqaviləyə əsasən, 8 il ərzində xeyli iş görülüb. Belə ki, DB-nin hər il çap etdiyi “Doing Business” hesabatında 2008-ci ildə 189 ölkə arasında Azərbaycan 63 yerdə idisə, 2013-2014-cü ildə ilk onluğa düşə bilib.

Bu illər ərzində Komitə tərəfindən elektron arxivlər yaradılıb, ərazi idarələrinin binaları inşa olunub, daşınmaz əmlakın qeydiyyatı və kadastr sistemi yaradılıb. Həmçinin, Qafqaz regionunda ilk dəfə İT Mərkəzinin binası və informasiyanın saxlanılması üçün Şamaxı Ehtiyat Mərkəzi tikilib.

R.Cəlilov qeyd edib ki, artıq Sumqayıt və Bakı şəhərlərinin kadastr xətirələri hazırdır, Gəncə və Şəkinin xəritəsi isə gələn il hazır olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi