Yuxarı
    Bağlamaq

    Azərbaycanda dövlət əmlakı Prezidentin qərarları ilə özəlləşdiriləcək

    Prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb

    Bakı. 19 may. REPORT.AZ/ Prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. 

    "Report"un məlumatına görə, sənəddə bildirilir ki, müstəqillik əldə edildikdən sonra dövlət əmlakının özəlləşdirilməsi ölkə iqtisadiyyatının rəqabətli olması ilə yanaşı, geniş sahibkarlıq təbəqəsinin formalaşmasına, habelə iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artmasına səbəb olub. Hazırda dünyada gedən iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasını, dövlət əmlakının idarə edilməsi sahəsində qarşıda duran yeni vəzifələrin yerinə yetirilməsini və bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir.

    Dövlət başçısı yeni iqtisadi reallıqda dövlət əmlakının qorunması və səmərəli idarə olunması məqsədilə dövlət əmlakının özəlləşdirilməsinin Azərbaycan Respublikası Prezidentinin qərarları ilə həyata keçirilməsini qərara alıb. 

    Nazirlər Kabinetinə dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

    Əmlak Məsələləri Dövlət Komitəsi bu fərman qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırmalı, bu fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırmalı və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş və barəsində özəlləşdirmə əqdi bağlanmış dövlət əmlakının özəlləşdirilməsi prosesini ən qısa müddətdə başa çatdırmalı və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi