​Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı rekord həddə çatıb

​Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı rekord həddə çatıb Ötən il 205,2 min daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb
İnfrastruktur
2 Aprel , 2015 11:18
​Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı rekord həddə çatıb

Bakı. 2 aprel. REPORT.AZ/ Ötən il Azərbaycanda daşınmaz əmlakla əməliyyatların həcmi tarixi maksimuma çatıb. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) “Report”a verilən məlumata görə, son illərdə əmlakın qeydiyyatı proseduralarının sayı və buna sərf edilən müddətlər azaldılıb. Paralel olaraq 2012-ci ildən etibarən tətbiqinə başlanan elektron xidmətlərin sayı daim artır. Bu xidmətlərin tətbiqi əmlakın qeydiyyatının faktiki olaraq avtomatlaşdırılmasına şərait yaradıb.Ölkədə əmlakın sənədləşdirilməsi və əmlakla əməliyyatların həcmini yüksəldib.

2014-cü ildə 205,2 min daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb ki, bu da indiyədək ölkədə qeydə alınmış ən yüksək göstəricidir. Ötən il daşınmaz əmlakla əməliyyatların həcmi 2013-cü ilə nisbətən 28 min ədəd və ya 15,9% artıb. Son 5 ildə ölkədə qeydiyyatı aparılan əmlakların sayı 2,3 dəfə artaraq 2009-cu ildəki 89 mindən 2014-cü ildə 205,2 minə yüksəlib.

Ən sürətli artım isə 2011-ci ildə qeydə alınıb. Həmin il daşınmaz əmlakla əməliyyatların həcmi 56% artaraq 94,7 mindən 147,4 minə yüksəlib. Əmlakla əməliyyat sonrakı illərdə də mütəmadi şəkildə artıb: 2012-ci ildə 151,5 min, 2013-cü ildə 177,1 min, 2014-cü ildə isə 205,2 min əmlakın qeydiyyatı aparılıb.

Ötən il 58 min əmlak ilkin qeydiyyatdan keçərək sənədləşdirilib. İlkin qeydiyyatda bu indiyədək müşahidə olunan ən yüksək göstəricidir. Əvvəlki ilə nisbətən ilkin qeydiyyat 16,6%, təkrar qeydiyyat 15,6% artıb. Hesabat ilində ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 ərazi idarəsinin hamısında daşınmaz əmlakın qeydiyyatının artımı müşahidə edilib. Ötən il mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 41,5 mini fərdi yaşayış və bağ evi, 56,3 mini mənzil, 98 mini torpaq sahəsi, 4,7 mini qeyri-yaşayış binası, təqribən 3,6 mini qeyri-yaşayış sahəsi, 1066-sı əmlak kompleksi, 56-sı çoxmərtəbəli yaşayış binası, 44-ü çox illik əkmə olub. Ötən il 2013-cü ilə nisbətən torpaq sahələrinin qeydiyyatı 35%, fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 13%, çoxmərtəbəli yaşayış binalarının qeydiyyatı 19% artıb.

Əmlak bazarında regionların payının artımı 2014-cü ildə də davam edib və əmlakın qeydiyyatında regionların payı 69%-ə çatıb. Artıq ənənəvi olaraq fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır. Qeyd edək ki, bu dövrdə qeydiyyatdan keçən 56 çoxmərtəbəli binadan 45-i regionlardadır.

Son xəbərlər

Orphus sistemi