Yuxarı
    Bağlamaq

    ​"Azərbaycanda daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi Layihəsi"nin ictimai təqdimatı keçirilib

    Sumqayıtda keçirilən pilot layihənin Quba-Xaçmazda davam etdirilməsi planlaşdırılır

    Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi "Azərbaycanda daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi Layihəsi"nin ictimai təqdimatını keçirib.

    "Report" xəbər verir ki, tədbirdə Komitənin mərkəzi aparatı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılma Mərkəzi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt bələdiyyəsi və digər aidiyyəti dövlət qurumları, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

    Tədbirdə bildirilib ki, layihənin məqsədi qiymətləndirmənin milli səviyyədə vahid mərkəzdən, rəsmi, kompakt və mütərəqqi qaydada həyata keçirilməsini təmin etməkdir. İctimai təqdimatın təşkilində məqsəd isə bu layihənin mahiyyəti, sosial-iqtisadi, hüquqi faydaları, investisiya, biznes mühiti və daşınmaz əmlakla bağlı hüquqi əməliyyatlara müsbət təsiri barədə ictimaiyyəti məlumatlandırmaqdır.

    Həmçinin qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsi də Layihənin icrasında məsul qurum kimi, ilk dəfə milli səviyyədə daşınmaz əmlakın qiymətləndirilməsinin təşkilini və qiymətləndirmə fəaliyyətinə nəzarəti həyata keçirir. Bu vəzifə daşınmaz əmlakın bazar qiymətini təhlil etməklə yerinə yetirilir. Kütləvi qiymətləndirmə layihəsi Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz əmlakın qeydiyyatı Layihəsi" çərçivəsində həyata keçirilir. Bu sahədə beynəlxalq təcrübə və standartlar öyrənilib və layihənin icrasına beynəlxalq ekspertlər cəlb edilib. Bu təcrübədən irəli gələrək ölkə iqtisadiyyatına uyğun qiymətləndirmə meyarları və metodları müəyyən edilərək tətbiq edilib.

    Qeyd edək ki, layihə ilk olaraq Sumqayıt şəhərində həyata keçirilib. Tədbirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Seymur Əliyev Sumqayıtda icra olunan "Daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi" Pilot Layihəsinin mahiyyəti ilə bağlı çıxış edib. Bildirilib ki, kütləvi qiymətləndirmə sistemi elektron qaydada bir dəfəyə böyük sayda daşınmaz əmlakın sosial-iqtisadi parametrlər və hüquqi əməliyyatlar baxımından qiymətləndirilməsidir. Ümumilikdə, bu proses zamanı daşınmaz əmlak bazarının təhlili, məlumatların toplanması həyata keçirilir, keyfiyyətə nəzarət və dəyərin müdafiəsi təmin edilir. Eyni zamanda, daşınmaz əmlak bazarında məlumat bankı hazırlanır və bu məlumatların etibarlılığı yoxlanılır. Bazar məlumatlarının reyestrindən istifadə edərək həmin məlumatlar əsasında zona dəyər xəritələri hazırlanır,statistik təhlillər aparılır, əmlakın qiymətini formalaşdıran faktorlar müəyyən edilir. Qiymətləndirmə modellərinin hazırlanması, bu modelləri bütün əmlaklara tətbiq etməklə qiymətləndirilməsi təmin edilir. Bütün istifadəçilərin maraqlarını təmin etmək üçün məlumat almaq imkanları yaradılır. Bu sistemin əsas üstünlüyü əlavə maliyyə resursları və vaxt tələb etmədən məlumat bankındakı rəqəmlərdən istifadə etməklə çoxlu sayda daşınmaz əmlakların elektron qiymətləndirilmə imkanının olmasıdır.

    Tədbirdə sloveniyalı ekspert Duşan Mitrovic pilot Layihənin texniki tərəfləri, kütləvi qiymətləndirmə modelləri, bazar məlumatlarının toplanması mexanizmi və layihənin nəticələri barədə təqdimatla çıxış edib.

    Sumqayıt şəhərində pilot layihənin icrası nəticəsində 80 min daşınmaz əmlak qiymətləndirilib. Daşınmaz əmlakın bazar məlumatlarını özündə əks etdirən Bazar Məlumatları Reyestri sistemi qurulub. Eyni zamanda, kütləvi və fərdi qiymətləndirməni həyata keçirən müvafiq sistem və daşınmaz əmlak bazarına dair İctimai Portal (Public View) yaradılıb.

    Qeyd edək ki, "Daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi Layihəsi"nin digər regionlarda da icrası nəzərdə tutulur. Belə ki, Quba və Xaçmaz rayonlarında kütləvi qiymətləndirmə pilot layihəsinin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır. Layihənin 2015-ci ilin iyun-sentyabr aylarında reallaşması gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi