Azərbaycanda daşınan yüklərin 82%-i özəl sektorun payına düşür

Azərbaycanda daşınan yüklərin 82%-i özəl sektorun payına düşür Bu ilin yanvar-avqust aylarında ölkədə 150 mln. yük daşınıb
İnfrastruktur
15 Sentyabr , 2017 17:11
Azərbaycanda daşınan yüklərin 82%-i özəl sektorun payına düşür

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 150,1 mln. ton yük daşıyıb. 

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur. 

Məlumata görə, yüklərin 3,6%-i dəniz, 6,3%-i dəmir yolu, 0,1%-i hava, 64,0%-i avtomobil nəqliyyatı, 26,0%-i isə boru kəməri ilə daşınıb. Hesabat dövründə qeyri-neft yüklərinin həcmi 3,8% artaraq 113,7 mln. ton təşkil edib. 

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,4% artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 81,5% təşkil edib.

2017-ci ilin yanvar-avqust aylarında nəqliyyatçılar 1 262,4 mln. nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,3% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88%-i avtomobil nəqliyyatı, 11,8%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar-avqust ayları ərzində 9,4 mln. ton yük, 1,6 mln. sərnişin daşınıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,9% azalma, sərnişin daşınmasında isə 29,2% artım müşahidə olunub.

Orta hesabla sutkada 347 vaqon yüklənib, 406 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,2 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Eyni dövrdə dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-avqust aylarında daşınmış yüklərin həcmi 5331,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 52,0% artıb. Yüklərin 49,3%-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 6 909,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 640,7 min tonunu və ya 96,1%-ni tranzit yüklər təşkil edib.

Sentyarbın 1-nə limanlarda qalan yüklərin həcmi 156,2 min ton olub. 

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 4,1% artaraq 12,7 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 96,2 mln. ton yük, 1 110,3 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2% və 1,7% artım qeydə alınıb. Sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,1%, sərnişin dövriyyəsi isə 1,8% artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6,0% artaraq 148,8 mln. nəfər olub.

Hava nəqliyyatı ilə 1 597,9 min və ya 19,1% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 6,1% artaraq 104,9 min tona çatıb.

Son xəbərlər

Orphus sistemi