Yuxarı

Azərbaycanda daha iki avtomobil yolunun yenidən qurulması başa çatır - FOTO/VİDEO

Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda əksər işlər tamamlanıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 120-200-cü km-lik Hacıqabul-Kürdəmir (80 km) və 200-287,805-ci km-lik Kürdəmir-Ucar-Yevlax-Tərtər hissələrinin (87,8 km) 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihələrinin icrası tam sürətlə həyata keçirilir və yekunlaşmaq üzrədir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin "Report"a verdiyi xəbərə görə, qeyd edilən avtomobil yolunun yenidən qurulması layihəsi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində aparılır.

Hər iki layihə üzrə yolun bir istiqamət üzrə hərəkət hissəsinin eni 13,75 metr olmaqla, ümumi eni 27,5 metrdir. Hərəkət zolaqlarının sayı 4 olmaqla, hər bir zolağın eni 3,75 metr, yol örtüyü polimer asfalt-betondur.

Layihələrə uyğun olaraq yol yatağının qalınlığı hamarlayıcı qat 30 sm, əsasən alt layı 25 sm, əsas lay 20 sm olmaqla ümumilikdə 75 sm-dir. Asfalt-beton örtüyü isə 3 qat olmaqla qalınlığı 25 sm-dir (bitumlu lay 12 sm,əlaqələndirici lay 8 sm, aşınma layı 5 sm). Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidən qurulması layihəsi çərçivəsində 5 ədəd yol qovşağı və 1 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Bundan başqa, yolda 19 ədəd yeraltı keçid, 25 ədəd düzbucaqlı drenaj qurğusu, 148 ədəd suötürücü dairəvi boru mənfəz və 24 ədəd avtobus dayanacağı tikilib, yol boyu müvafiq yol nişanlarının quraşdırılması aparılıb.

Hacıqabul-Kürdəmir yolunun 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinə uyğun olaraq, yolda torpaq işləri tam olaraq yekunlaşdırılıb, 12 sm bitumlu lay və 8 sm əlaqələndirici lay olmaqla 20 sm qalınlığında asfalt-beton örtüyü döşənib. Hazırda yola 5 sm qalınlığında sonuncu aşınma qatının döşənməsi və yol boyu ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri həyata keçirilir.

Ümumilikdə, Hacıqabul-Kürdəmir avtomobil yolununda görülən fiziki işlərin həcmi 90% təşkil edir.

Avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax-Tərtər hissəsinin yenidən qurulması layihəsi çərçivəsində 4 ədəd yol qovşağı və 5 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Hazırda körpülərdə son tamamlanma işləri görülür. Bundan başqa, yolda 25 ədəd yeraltı keçiddən 11-i tikilib, 14-ü tikilməkdədir, 39 ədəd düzbucaqlı drenaj qurğusunun tikintisi tam olaraq yekunlaşdırılıb, 124 ədəd suötürücü dairəvi boru mənfəzdən 114-ü tikilib, 10-u hazırda tikilməkdədir və 16 ədəd avtobus dayanacağının tikintisi yekunlaşıb. Layihəyə uyğun olaraq, yolda müvafiq yol nişanlarının quraşdırılması işləri də aparılıb. Hazırda Kürdəmir-Ucar-Yevlax-Tərtər yolunun yenidən qurulması çərçivəsində bəzi hissələrdə torpaq işləri davam edir. Bu istiqamətdə işlərin 85%-i artıq yekunlaşıb. Bu işlərə paralel olaraq torpaq işlərinin yekunlaşdığı ərazilərə asfalt-beton örtüyünün döşənməsi həyata keçirilir. Artıq işlərin təqribən 70%-i görülüb. Yolun işıqlandırılması isiqamətində də işlər davam etdirilir.

Ümumilikdə, Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi üzrə işlərin 85%-i yekunlaşdırılıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi