Azərbaycanda daha bir avtomobil yolunun tikintisi yekunlaşır - VİDEO

Azərbaycanda daha bir avtomobil yolunun tikintisi yekunlaşır - VİDEO Yeni yol 19 kəndin və 1 qəsəbənin 37 min sakininin gediş-gəlişini xeyli rahatlaşdıracaq, yük və sərnişin daşınması asanlaşacaq
İnfrastruktur
8 Sentyabr , 2017 11:44
Azərbaycanda daha bir avtomobil yolunun tikintisi yekunlaşır - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 8 sentyabr. REPORT.AZ/ Neftçala rayonunun Şorkənd - Beştalı - Bankə - Şirvanlı avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. 

“Report” "Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 55 km, eni isə 12 metdir. 

Bura 7 metr enində yolun hərəkət hissəsi və 2.5 metr enində isə çiyinlər daxildir.

Torpaq və çınqıl örtüklü olan yolun yenidənqurulması işləri zamanı zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə isə yararlı material tökülərək yenidən kipləşdirmə işləri görülüb və yeni yol yatağı inşa olunub. Daha sonra optimal qırmadaş və qum-çınqıldan istifadə edilməklə yol əsasının inşası işləri görülüb. Hazırda yolun asfaltlanması istiqamətində addımlar atılır.

Yolun 42 km-lik hissəsi artıq asfaltlanıb. Digər ərazilərdə yol əsasının inşası və buna paralel olaraq asfaltlanma işləri davam etdirilir. Bu işlərin də yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Ümumilikdə yolun 385 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi üçün müxtəlif ölçülü 76 ədəd dəmir-beton su borusu quraşdırılıb, su keçidləri inşa edilib. Tikinti işləri tam olaraq bitəndən sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu əvvəllər torpaq və çınqıl örtüklü olduğu üçün yol boyu yaşayan vətəndaşların Neftçala şəhərinə gediş-gəlişində, o cümlədən Ələt-Astara avtomobil yoluna çıxışında problemlər yaranırdı. Əsasən də kənd təsərrüfatı məhsullarının daşınmasında bu problem özünü biruzə verirdi. Artıq sadalanan problemlər geridə qalır. Bu il reallaşdırılan 40 kəndlərarası avtomobil yolu layihələrindən olan bu yolun yenidən qurulması ilə Neftçala şəhəri də daxil olmaqla 19 kəndin və 1 qəsəbənin 37 min sakininin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. 

Son xəbərlər

Orphus sistemi