Yuxarı
    Bağlamaq

    Azərbaycanda bələdiyyələrin MTK binalarının idarəetməsinə cəlb edilməsi təklif olunur

    Millət vəkili: Əksər MTK binalarında mühafizə təşkil edilməyib

    Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanda mənzil fondunun idarə olunması sahəsində bir sıra mənfi hallar mövcuddur. Mənzil Tikinti Kooperativləri (MTK) binalar inşa edir, lakin onların idarə olunması ilə ciddi məşğul olmur. Bu binalarda göstərilən xidmətlərlə sakinlərdən toplanan vəsait arasında yaranmış fərq isə  sakinlərin narazılığına səbəb olur. "Report" xəbər verir ki, bu barədə Milli Məclisin Yerli özünüidarəetmə Komissiyasının üzvü, millət vəkili Tahir Rzayev danışıb.

    T.Rzayev hesab edir ki, mənzil fondunun idarə olunması üçün mənzil mülkiyyətinin müştərək cəmiyyətləri olmalıdır: "Bələdiyyələr yerli idarəetmə sahəsində fəaliyyətini fəallaşdırmalıdır. Hazırda onların da maliyyə çətinlikləri var. Onlar bu işə cəlb olunmaqla, əlavə gəlir əldə edə bilər. Bundan başqa, insanlar da hüquqi tənzimləmə sahəsində hüquqlarını bilmədikləri üçün bu cür məsələlərin qaldırılmasına hələ hazır deyillər. Bələdiyyələr isə bu istiqamətdə məsul ola bilər". 

    Komissiya üzvü hesab edir ki, bələdiyyələrin fəaliyyətinin güclənməsi insanların təhlükəsizliyinin qorunmasında da mühüm rol oynaya bilər: "Bu gün MTK-nın təhvil verdiyi əksər binaların mühafizəsi təşkil edilmir. Binalara kimlərin daxil olub və çıxdığına nəzarət edilmir. Odur ki, qarət halları, qətl hadisələri də bu cür yaşayış komplekslərində artıb. Bələdiyyələr insanların mənafeyi üçün birgə işləməlidir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi