Yuxarı

Azərbaycanda Alabaşlı-Gəncə dəmir yolunun əsaslı təmirinə başlanılıb

Təmir işləri bir həftə davam edəcək

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. “Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km-lik yolun əsaslı təmiri çərçivəsində bu gündən Alabaşlı-Gəncə mənzilində 7 km yolun təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın "Moravia Steel” şirkəti arasında “Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabrın sonunda başlanılıb və bu günə kimi 145 km-dən artıq dəmir yolu əsaslı təmir olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi