​Azərbaycanda 53 rayon mərkəzi ərazilərində torpaq uçotu işinə başlanılıb

​Azərbaycanda 53 rayon mərkəzi ərazilərində torpaq uçotu işinə başlanılıb Ölkədə ilk dəfə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə start verilib
İnfrastruktur
27 Yanvar , 2016 12:07
​Azərbaycanda 53 rayon mərkəzi ərazilərində torpaq uçotu işinə başlanılıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanda ilk dəfə olaraq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlayıb. “Report” bildirir ki, Komitə tərəfindən sistemin yaradılması istiqamətində görülən işlərlə bağlı bu gün ictimai təqdimat keçirilib.

Təqdimatda çıxış edən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması layihəsi, bununla bağlı yerlərdə aparılan çöl-ölçmə işləri barədə məlumat verib: “Sistem torpaqların texniki, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, qiymətləndirilməsi, faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, ölkə iqtisadiyyatı, eləcə də kənd təsərrüfatı üçün səmərəli olacaq”.

R.Quliyev qeyd edib ki, respublikanın 4 mln. hektar ərazisini əhatə edən ortofotomaterialların rəqəmsallaşdırılması işi hazırda davam etdirilir: “Yaxın bir ay ərzində bu iş yekunlaşacaq. Torpaqların elektron kadastr uçotu sisteminin yaradılması məqsədilə böyük əraziləri özündə cəmləşdirən sahələrdə torpaq tədqiqatı, örüş və biçənək sahələrinin tədqiqi işləri aparılır. Bununla yanaşı, rayonların Rəqəmsal Torpaq Xəritələri tərtib edilir”.

Xidmət rəisinin dediklərinə əsasən, torpaq uçotu işləri yekunlaşan Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə başlanılıb: “Hazırda Şəki rayonunda icra olunan kadastr layihəsi 2016-cı ilin birinci yarısında yekunlaşacaq və bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaq. Ölkənin 53 rayon mərkəzinin ərazisində torpaq uçotu işinə başlanılıb. Bu layihə çərçivəsində yaxın 2 il ərzində daha 130 min ha ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz əmlak barəsində müfəssəl kadastr işi yekunlaşacaq. Bu işlərlə yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanılıb”.

R.Quliyevin sözlərinə görə, qeyd edilən işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübəsi öyrənilib: “Bu sahədə yeni texnologiyalar tətbiq edilir, müasir çöl-ölçmə cihaz və avadanlıqlarından, həmçinin coğrafi mövqeləndirmə stansiyaları və aerokosmik çəkiliş materiallarından istifadə olunur. Eyni zamanda, mütəxəssislərin bilik və bacarıqlarının artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Torpaq tədqiqatı, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi ilə bağlı işlər görülür. İnzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xəritələrinin hazırlanması işləri icra edilir. Bu proses 1,8 mln. ha ərazidə artıq yekunlaşıb”.

Xidmət rəisi bildirib ki, Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2019-cu ilin sonunadək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmaq, pay torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasına nail olmaqdır: “Uçot sisteminin proqram təminatının yaradılması işinə artıq ötən ildən başlanılıb. Bu işin cari ildə yekunlaşdırılması nəzərdə tutulub. Bütün həyata keçirilən işlərin nəticəsi olaraq Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq. Eyni zamanda, bu sistem sayəsində ölkənin torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotu təmin olunacaq. Bununla belə, torpaq fondunun dəqiq uçotu işinin nəticəsində ölkənin ərzaq təhlükəsizliyi məqsədi ilə kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək üçün yeni ərazilər müəyyənləşəcək. Dəqiq torpaq kadastrı məlumatları əsasında kənd təsərrüfatı istehsalının regionlar üzrə ixtisaslaşdırılmasına dair daha düzgün qərarlar verilməsinə imkan yaradacaq”.

Son xəbərlər

Orphus sistemi