Azərbaycanda 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halı aşkarlanıb

Azərbaycanda 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halı aşkarlanıb ​Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq müfəttişləri Bakı və Abşeronda monitorinqlər keçiriblər
İnfrastruktur
21 Aprel , 2016 18:32
Azərbaycanda 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halı aşkarlanıb

Bakı. 21 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) dövlət müfəttişləri tərəfindən monitorinqlər aparılır. Bu barədə “Report” Komitənin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, aprelin 21-də Komitənin torpaq müfəttişləri tərəfindən növbəti dəfə Səbail, Abşeron və Xəzər rayonlarında torpaq reydləri və monitorinqləri keçirilib.

Monitorinqlər nəticəsində Səbail rayonunda dövlət mülkiyyətində olan 23 ha torpaq sahəsində qanunsuz olaraq, hüquqi əsası göstərən heç bir sənəd olmadan özbaşına tikinti aparılması halları aşkarlanıb və qarşısı alınıb.

Bununla belə, müfəttişlər Abşeron və Xəzər rayonlarında monitorinqlər keçiriblər. Məlum olub ki, müxtəlif şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qeyri-yaşayış və müxtəlif məqsədli ilkin tikinti işləri aparılıb. Abşeron rayonunda Novxanı və Mehdiabad qəsəbələrində vətəndaşların mülkiyyətinə verilən pay (əkin) torpaqlarında təyinatına zidd olaraq obyektlərin inşasının qarşısı alınıb.

Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində də torpaqların kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq aparılan qanunsuz tikinti işləri dayandırılıb. Bu hallarla kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaq sahələrinin istifadəsi ilə bağlı torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulub. Qeydə alınan pozuntu halları ilə əlaqədar tədbirlər görülüb, cərimələr və sanksiyalar barədə inzibati protokol və aktlar tərtib edilib.

Komitə torpaqların hüquqi rejiminə uyğun istifadəsi ilə bağlı paralel olaraq respublikanın digər şəhər və rayonlarında da monitorinqlər aparır. Bu kimi pozuntu hallarının baş verməməsi məqsədilə Komitə tərəfindən qabaqlayıcı tədbirlər davam etdiriləcək.

Bu ildə torpaq müfəttişləri tərəfindən Azərbaycanda 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halı aşkarlanıb. Ümumilikdə isə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı indiyədək 929 hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib, 230 halla bağlı inzibati protokol tərtib edilib. 170 halla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul olunub.

Qeyd edək ki, komitə tərəfindən Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı mütəmadi monitorinqlər aparılır. Reyd və monitorinqlər göstərir ki, torpaqların təyinatı və mühafizə zonaları (yüksək gərginlikli elektrik xətləri, dəmir yolları, neft, qaz kəmərləri və s.) ilə bağlı tələblər bir çox hallarda pozulur. Torpaqların ayrılmasında qanunsuzluqlara yol verilir, əsassız olaraq torpaqların kateqoriyası dəyişdirilir, torpaq sahələri zəbt olunaraq hasarlanır, müxtəlif məqsədli tikintilər aparılır.

Son xəbərlər

Orphus sistemi