Azərbaycanda ​2020-ci ilə qədər torpaqlarının uçot işi tam yekunlaşacaq

Azərbaycanda ​2020-ci ilə qədər torpaqlarının uçot işi tam yekunlaşacaq Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı işgüzar forumlara start verilib
İnfrastruktur
3 May , 2016 11:51
Azərbaycanda ​2020-ci ilə qədər torpaqlarının uçot işi tam yekunlaşacaq

Bakı. 3 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı Bakı və regionlarda işgüzar forumlara start verib.

Komitənin mətbuat xidmətindən “Report”a bildirilib ki, forumların əsas məqsədi ölkə üzrə bu sistemin yaradılması, rəqəmsal kadastr xəritələrinin tərtibi istiqamətində həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq və maarifləndirməkdən ibarətdir.

İlk forum bu gün Cəlilabad, mayın 4-də isə Masallı rayonunda keçiriləcək. Forumda Komitənin Aparatı və tabeli qurumları, Cəlilabad rayon İcra Hakimiyyəti, yerli icra nümayəndələri, bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak ediblər.

Forumu giriş sözü ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev vurğulayıb ki, torpaqların elektron uçotu ilə əlaqədar ictimaiyyətin maairfləndiriləndirilməsi məqsədilə belə forumlar Cəlilabadda start götürməklə bütün ölkə üzrə davam etdiriləcək.

Tədbirdə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı slayd şou nümayiş etdirilib. Qeyd olunub ki, müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Artıq ölkə üzrə elektron kadastr xəritələrinin tərtibi işləri həyata keçirilir. Bu il işlər Azərbaycanın 23 rayonunda icra olunacaq. 2019-cu ilin sonuna ölkənin 3,2 mln. ha ərazisində dəqiq torpaq uçotu işləri aparılacaq. Torpaq uçotu işləri yekunlaşan Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə başlanılıb.

Forumda Uçot Sisteminin gələcək nəticəsi olaraq 2020-ci ilə Azərbaycanın bütün torpaqlarının uçot işi yekunlaşacaq, torpaqlar təkcə kəmiyyətinə görə deyil, eyni zamanda keyfiyyət göstəricilərinə görə də uçota alınacaq. Bu sistemin mövcudluğu və rəqəmsal kadastr xəritələrinin istifadəyə verilməsi, ölkədə kadastr xidmətinin də bütövlükdə elektron xidmətlər sırasına keçməsinə şərait yaradacaq.

Forumda qeyd olunub ki, bu işlər nəticəsində torpaq ehtiyatlarının idarə edilməsi, əmlak münasibətlərinin tənzimlənməsinin dövlət mexanizmi təkmilləşəcək. Torpaqların sənəd göstəriciləri ilə faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq. Əmlak (torpaq) üzərində hüquqların dövlət qeydiyyatı işi daha da sadələşəcək. “Plan-ölçü” sənədinin verilməsi işi elektron xidmətlər sırasına daxil ediləcək. Torpaq münbitliyinin artırılması, qorunması ilə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsi üçün mötəbər məlumat bazası yaranacaq. Torpaqla bağlı stimullaşdırma tədbirləri, subsidiyaların, güzəştli kreditlərin verilməsi sistem məlumatları əsasında aparılacaq.

Son xəbərlər

Orphus sistemi