“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyəti təkmilləşdiriləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyəti təkmilləşdiriləcək Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
İnfrastruktur
9 Mart , 2016 19:22
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyəti təkmilləşdiriləcək

Bakı. 9 mart. REPORT.AZ/ Prezident İlham ƏliyevAzərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli sərəncamında dəyişikliklər edilməsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, sənəd “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəqabət qabiliyyətinin artırılmasını, dəniz nəqliyyatı sisteminin təkmilləşdirilməsini, Cəmiyyətə məxsus gəmilərin beynəlxalq sularda fəaliyyətinin genişləndirilməsini, habelə beynəlxalq şirkətlərin müasir idarəetmə təcrübəsindən istifadə etməklə, su nəqliyyatının inkişafının sürətləndirilməsini və rəqabətədavamlı dəniz nəqliyyatı xidmətləri göstərilməsini təmin etmək məqsədi daşıyır.

Fərmanla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli sərəncamında aşağıdakı dəyişikliklər edilib:

2.1.3-cü yarımbənd və 2.2-ci bənd ləğv edilib.

3-cü hissə aşağıdakı redaksiyada verilib:

“Müəyyən edilsin ki, Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir, Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin yaradılması və ləğvi, törəmə hüquqi şəxslərin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir və bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir, Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyət tərəfindən həyata keçirilir”.

Müəyyən edilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət), onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin Cəmiyyətin Nizamnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üçün xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınmış hesab edilir və yenidən alınması tələb olunmur, Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə "2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması, onun maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması ilə bağlı zəruri tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin əsas fəaliyyət istiqamətlərinə aid olmayan, eyni zamanda, saxlanılması üçün xeyli vəsait tələb edən (qeyri-profilli) aktivlərin realizə edilməsindən əldə olunan vəsaitin su nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsinə yönəldilməsini təmin etmək məqsədilə tədbirlər görmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi