"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Yunanıstanda nümayəndəliyi fəaliyyətə başlayıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Yunanıstanda nümayəndəliyi fəaliyyətə başlayıb Bakı. 7 iyun. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Afinada (Yunanıstan) nümayəndəliyi fəaliyyət göstərəcək.
İnfrastruktur
7 İyun , 2018 15:15
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Yunanıstanda nümayəndəliyi fəaliyyətə başlayıb
acsc.az
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Afinada (Yunanıstan) nümayəndəliyi fəaliyyət göstərəcək. 

Bu barədə “Report”a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Yunanıstan vacib dəniz nəqliyyatı arteriyaları üzərində yerləşməsi baxımından çox əhəmiyyətlidir.

Yeni təsis olunan nümayəndəliyin açılış mərasimində Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev, nüfuzlu beynəlxalq təsnifat cəmiyyətləri və gəmiçilik şirkətlərinin əməkdaşları, o cümlədən iş adamları iştirak ediblər.

Mərasimdə çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev  son zamanlar Azərbaycanda həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur layihələri haqqında məlumat verib. O bildirib ki, Azərbaycan artıq Asiya və Avropa qitələrini birləşdirən bir “Hub” rolunu oynayır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verən Rauf Vəliyev Çin və Avropa bazarlarını birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan və onun əsas iştirakçılarından biri olan və 160 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi haqqında söz açıb.

Qeyd olunub ki, gündən-günə inkişaf edən bu marşrut üzərində yeni çağırışlara cavab vermək üçün Gəmiçilik öz donanmalarını müasir gəmilərlə yeniləyir, kadr bazasını möhkəmləndirir. Vurğulanıb ki, 9 mindən artıq əməkdaşı olan Gəmiçiliyin iki böyük donanması mövcuddur. Dəniz Nəqliyyat Donanmasının tərkibində 52, Xəzər Dəniz Neft Donanmasının tərkibində isə 212 müxtəlif təyinatlı gəmi istismar edilir. Həmçinin AXDG QSC-nin nəzdində Gəmi Təmiri və Tikintisi zavodları, Azərbaycan Dövlət Dəniz Akademiyası və Təlim Tədris Məkəzi fəaliyyət göstərir. Bu da Gəmiçiliyin beynəlxalq bazarlarda rəqabət qabiliyyətliliyini daha da artırır.

Tədbirdə həmçinin “B2B” formatında işgüzar görüşlər də baş tutub. Azərbaycan Xəzər Dəniz Gəmiçliyi ilə bir sıra beynəlxalq şirkətlərin əməkdaşlıq perspektivləri müzakirə olunub.

Mərasimdə Azərbaycanın əlverişli coğrafi məkanını, təbiət, mədəniyyət və tarixini, iqtisadi inkişafını, aparılan irimiqyaslı nəqliyyat-infrastruktur layihələrini, o cümlədən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafını əks etdirən videoçarx da nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi