​Azərbaycan "Viking Train" beynəlxalq layihəsinə maraq göstərir

​Azərbaycan "Viking Train" beynəlxalq layihəsinə maraq göstərir Bu istiqamətdə Azərbaycanla Litva arasında müqavilə imzalanıb
İnfrastruktur
4 Aprel , 2016 10:43
​Azərbaycan Viking Train beynəlxalq layihəsinə maraq göstərir

Bakı. 4 aprel. REPORT.AZ/ Litvanın paytaxtı Vilnüsda Azərbaycan və Litva dəmiryolçuları arasında görüş keçirilib. Görüşdə “Litva Dəmir Yolları” SC-nin baş direktoru Stasis Daylidka, baş direktorun müavini, yükdaşımalar müdirliyinin rəhbəri Stasis Qudvalis və digər rəsmi şəxslər, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, Şirkətin beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Vüqar Əsgərov, “ADY Ekspess” MMC-nin direktoru Azad Qasımov və Biznesin inkişafı və marketinq Departamentinin rəhbəri Natiq Cəfərov iştirak ediblər. Bu barədə “Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. 

Danışıqlar zamanı Azərbaycanın “Viking Train” layihəsində iştirakı, bu layihə çərçivəsində konteyner və ümumi yükdaşımaların həcminin artırılmasının perspektivləri müzakirə olunub.

Qeyd edək ki, “Viking Train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə, yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını nəzərdə tutur. Azərbaycanın bu layihədə iştirakı daha geniş perspektivlər vəd edir. Belə ki, “Viking Train” layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm şərq (Orta Asiya və Çin), həm də cənub istiqamətində (Fars körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) dövlətlərinin İran, Pakistan, Hindistan və ərəb ölkələri ilə ticarət dövriyyəsi kifayət qədər yüksək olduğunudan Azərbaycan tranzit ölkə kimi bundan bəhrələnəcək. Bununla da, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolu xəttinin əhəmiyyəti artacaq və ölkə daha bir iri nəqliyyat dəhlizinə qoşulmaqla, öz tranzit potensialını genişləndirəcək.

Danışıqlar nəticəsində, “Litva Dəmir Yolları” SC ilə Azərbaycanda multimodal yükdaşımalarla məşğul olan “ADY Ekspess” MMC arasında müqavilə imzalanıb. Sənədi “Litva Dəmir Yolları” SC-nin baş direktoru S.Daylidka və “ADY Ekspess” MMC-nin direktoru A.Qasımov imzalayıblar. Müqavilə tərəflər arasında yükdaşımalar zamanı normativ bazanı yaradır, öhdəlikləri, qarşılıqlı güzştlər və qarşılıqlı hesablamalar qaydalarını müəyyən edir. Müqavilə Litva və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını genişləndirəcək və tranzit yüklərinin həcminin artmasına şərait yaradacaq.

Litvaya səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti bu ölkəyə təmirə göndərilmiş Azərbaycan dəmir yollarına məxsus teplovozlara baxış keçiriblər. Təmir prosesi ilə maraqlanan Azərbaycan tərəfi onun keyfiyyətlı aparıldığına əmin olublar. Eyni zamanda, nümayəndə heyəti yeni tikilmiş yük terminalına baxış keçirərək, terminalın fəaliyyəti və buraxılış qabiliyyəti ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi